Atəşkəsin pozulmasında kənar qüvvələrin rolu var
"Ermənistanın Azərbaycanın mövqelərini atəşə tutmasında kənar qüvvələrin təsiri var".
Bunu TNS-ə açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinı görə, müşahidələr onu deməyə əsas verir ki, kənar qüvvələr bu məsələdə olduqca əhəmiyyətli rol alıb: “Ermənistanın bu istiqamətdə təlimatlandırılması göz önündədir. Məqsəd Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını uzatmaqdır. Ermənistan yeni silahlanma layihələri həyata keçirsə də, iri hərbi əməliyyatlara hazır, Azərbaycanla müharibə etmək gücündə deyil. Buna baxmayaraq lokal qarşıdurmalar yaradıb, baş verənləri Azərbaycanın üzərinə atmaqla Avropa İttifaqı, Qərb qarşısında ölkəmizi ittiham etmək istəyir. Ermənistan həm Rusiya, həm də Qərbin vasitəçiliyi ilə keçirilən bütün görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin görünən odur ki, müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan yayınır”.
R. Məmmədli bildirib ki, Qərb Azərbaycanı ittiham etməkdə davam edir: “Müşahidələr onu deməyə əsas verir ki, yaxın vaxtlarda biz, Qərbin Azərbaycana qarşı növbəti ittihamlarının şahidi olacağıq. Bunun da əsas səbəbi Ermənistanın bu cür təxribatlarıdır. Qərb bölgədə münaqişə ocağının saxlanılmasını istəyir və geniş iqtisadi layihələrin həyata keçirilməsində maraqlı deyil. Düşünürəm ki, Azərbaycan bununla bağlı beynəlxalq qurumlar qarşısında tələb irəli sürməli və Ermənistanın bu cür təxribatlarının qarşısı alınmalıdır”.