Hərbi büdcəmiz ona görə rekord həddə çatdırılır ki...
Azərbaycanın hərbi büdcəsinin rekord həddə çatdırılması vacibdir.
Bunu TNS-ə açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.
Ekspert bildirib ki, torpaqlarımız işğaldan azad olunsa da, son dönəmlər Ermənistan aktiv silahlanmaqda davam edir: "Ermənistanı silahlandıran ölkələrin sayı gün-gündən artır.
Hindistan, Fransa, Rusiya, Amerika, Cənubi Koreya, Yunanıstan və digər ölkələr bu ölkəyə hərbi-texniki dəstək verir, onarı silahlandırır. Bu proseslər də Azərbaycanı hərbi büdcəmizi 9 milyarda çatdırmağa vadar edir. Biz dəfələrlə çağırış etmişik ki, bölgədə sülh və əmin-amanlıq olsun.
Təəssüflər olsun ki, bu gün Cənubi Qafqazda Ermənistanın üzərində əl dəyişsə də, Fransa, Amerika bölgədə hegemonluq etmək istəyir. Ona görə də məcburuq ki, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini daha da artıraq.
Həm də bu il biz, Silahlı Qüvvələrimizin Türkiyə standartlarına çatdırılmasını yekunlaşdırmalıyıq. Ümid edirəm ki, Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri olacaq, həm bölgədə, həm də dünyada baş verən real təhlükələrə adekvat cavablar verə biləcəyik".