Azərbaycan muzdlu hərbi xidmət sisteminə keçir - Müddət AÇIQLANDI
Millət vəkili Qüdrət Həsənquliyev təklif edib ki, magistratura və rezidenturanı bitirən şəxslər müəyyən məbləğ ödəməklə hərbi xidmətə getməsin. Deputatın fikrincə, həmin şəxslərə muzdlu hərbi xidmət sistemi tətiq edilməlidir. Ümumiyyətlə, Azərbaycan muzdlu hərbi xidmətə keçə bilərmi?
Məsələ ilə bağlı TNS-ə açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov təklifi müsbət qarşılayıb. O bildirib ki, millət vəkilinin təklifinin tərəfdarıdır: “Təhsil sahəsini seçən insanların seçiminə hörmətlə yanaşılmalıdır. Əgər bir şəxs magistratura və ya rezidenturanı seçirsə və oxuyursa, biz ona şərait yaratmalıyıq ki, həmin vətəndaş öz elmini sona qədər yerinə yetirsin. Çünki bu, bizim üçün önəmlidir.
Həmin şəxslərin hərbi xidmətə getməməsi üçün müəyyən məbləğ ödəməsinə gəlincə isə, mən hesab edirəm ki, onlar bu məbləği də ödəməməlidir. Magistratura və rezidenturanı oxuyanlar ümumiyyətlə hərbi xidmətə çağırılmamalıdır. Onlara maksimum şərait yaradılmalı, elmə maraqları artırılmalıdır. Amma müəyyən müddətdən sonra onlar qısamüddətli hərbi toplanışlara cəlb edilməlidir ki, hərbi xidmət anlayışları olsun”.
Azərbaycanın muzdlu hərbi xidmət sisteminə keçməsinə gəlincə isə hərbi ekspert bildirib ki, bu proses bir neçə ildən sonra baş verəcək: “Biz istəsək də, istəməsək də, bu sistemə keçməli olacağıq. Bu, qaçılmazdır. Çünki Azərbaycanda hərbi xidmətin müəyyən şərtlər və ödənişlərlə həyata keçirilməsi mütləq baş verəcək. Sadəcə buna bir qədər zaman lazım olacaq. Hesab edirəm ki, bir neçə ilə bu, baş verəcək. Qardaş Türkiyədə olduğu kimi, həm çağırışın 20 yaşa qaldırılması, o cümlədən ehtiyatda olmanın son müddətinin 40 yaş olması və digər məsələlər öz həllini mütləq tapacaq”.