Fərid Əliyev Müdafiə Nazirliyində bu vəzifəni icra edirmiş
Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.
TNS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, general-mayor Fərid Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Hərbi və Hərbi-texniki Əməkdaşlığa dair Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Tehran şəhərinə səfər edib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Fərid Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Məhəmmədrza Aştiani ilə görüşüb.
Qeyd edək ki, əvvəllər Dövlət Gömrük Xidmətində çalışmış Fərid Əliyevə Prezident İlham Əliyevin ötən ilin noyabr ayında imzaladığı sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilib. Müdafiə Nazirliyinin ən gənc generalı olan F.Əliyev bir neçə aydır ki, bu vəzifəni icra edir.