Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həbib İlham oğlu Orucov odlu silahdan açılmış atəş nəticəsində ölüb.
Hadisə ilə əlaqədar Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.
TNS xəbər verir ki, bu barədə Azərbaycan hərbi prokurorunun böyük köməkçisi Firad Əliyev bildirib.
“Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. Allah hərbçimizə rəhmət eləsin”, - o qeyd edib.