Close

“İnanırdıq ki, Zəfər bizim olacaq!”

Böyük Zəfərimizin və Şuşa şəhərinin düşmən işğalından azad olunmasının 4-cü ildönümüdür.

TNS-in yerli müxbiri xəbər verir ki, bu münasibətlə Şuşaya media-tur təşkil edilib.

Tədbirə qatılan hərbçilər Şuşa döyüşlərindən danışıblar.

z1

“Bölmələrimiz Şuşaya çatanda döyüşün 37-ci günü idi. Nisbətən fiziki yorğunluq vardı. Yüksək dağlıq ərazi və relyefin çətinliyi bizi qorxutmadı. Hərbçilərimizin yüksək döyüş əzmi nəticəsində bu əməliyat da uğurla yerinə yetirildi. Bölmələrimizin düşmənin içərisinə sıza bilməsi üçün iki istiqamətdə hərəkətə keçdik, aldadıcı manevrlərlə onları çaşdırdıq. Bölmələrimiz iki istiqamətdən Şuşaya daxil oldu. Düşmən bunu gözləmirdi. Döyüş meydanında şəhidlər versək də, əzmlə irəlilədik. Düşmən qarşımızda tab gətirə bilmədi. Bölmələrimiz Şuşaya daxil olandan sonra düşmən Xankəndi istiqamətindən əks-həmlələr etsə də, tank və motoatıcı bölmələrimiz onların qarşısını aldı”, - deyə hərbçilər bildiriblər.

z2

Hərbçilərin sözlərinə görə, Şuşa döyüşlərində düşmən gözlənilməz hücum qarşısında aciz qalıb: “Düşmən yüksək ərazilərdə özünə mövqe seçmişdi. Biz isə aşağıdan hücum edirdik. Təbii ki, qarşı tərəf daha əlverişli mövqedə idi. Amma döyüş taktikası zəif, hücuma qarşı zəif olan düşmən bu üstünlükdən yararlana bilmədi. Bizim bölmələrimiz həm döyüşə tam hazırlıqlı səviyyədə idi, həm də inancımız vardı. İnanırdıq ki, Zəfər bizim olacaq. Çünki bu torpaqlar bizimdir, onu düşmən tapdağından xilas etməliydik. Böyük Zəfərimizin qazanılmasında bu inanc vacib rol oynadı. Ali Baş Komandanımız, xalqımız, bütün hərbçilərimiz qələbəyə inanırdı”.

z3

Bəli, tarixi Zəfərimizdən 4 il ötür. Bu müddətdə Xankəndi, Xocalı, Xocavənd, Əsgəran da azad edildi, bütün ərazilərimizdə dövlət suverenliyimiz bərpa olundu. Düşmənin xarabaya çevirdiyi ərazilərimiz yenidən qurulur, o yerlərə həyat qayıdır. Artıq azad edilmiş ərazilərimizə köç başlayıb, evindən-eşiyindən didərgin düşmüş minlərlə köçkün doğma yurduna dönüb və dönməkdə davam edir.  

Ziya Əmirxanlı