Azərbaycan Ordusu ən güclülərdəndir – Sıralama nəyə əsasən müəyyənləşir?
Azərbaycan dünyanın ən güclü ordularının reytinq cədvəlində 29-cu yerdədir.
Bu barədə Vaşinqtonda dərc edilən “U.S. News and World Report” jurnalında məlumat yer alıb.
Qeyd olunub ki, hazırkı reytinqə Rusiya başçılıq edir. İlk üçlüyə ABŞ və İsrail də daxil olub, Çin isə dördüncü yerdədir.
Türkiyə ordusu reytinqdə 10-cu yerdədir. 89 ölkənin daxil olduğu siyahını tamamlayanlar Lüksemburq, Latviya və Sinqapurdur.
Azərbaycan Ordusununu dünya orduları sırasında ön sıralara çıxaran hansı amillərdir?
Mövzu ilə bağlı TNS-ə danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, siyahıda Azərbaycan Ordusunun 29-cu yerə yüksəlməsi böyük uğurdur: “Azərbaycan Ordusunu güclülər sırasına yüksəldən səbəblərdən biri 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəmizdir. O cümlədən son vaxtlar Azərbaycan Silahlı Qüvvələrinin arsenalının yenilnməsi, daha müasir tələblərə cavab verən silah-sursatın alınmasıdır. Dünya ordularının reytinqləri hər il dərc olunur. Bu ilin sonunda Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) tərəfindən daha bir sıralama dərc olunacaq. Çox istərdim ki, Azərbaycan Ordusu daha yüksək sırada yer alsın. Növbəti ildə yeni silah-sursat alınacaq. Bu amillər də Azərbaycan Ordusunun daha üstün nöqtələrə gətirib çıxaracaq”.
Ekspert bildirib ki, Azərbaycan Ordusu bundan əvvəl 60-cı, daha sonra 41-ci sırada yer alıb: “İndi 29-da sırada olmağımız yaxşı göstəricidir. Orduda olan bəzi məsələlərlə bağlı müsbətə doğru qərarlar vermək lazımdır. İnanıram ki, Azərbaycan ordusu ən yuxarı qatlarda özünə layiq bir yerdə möhkəmlənəcək və bu, bizim hər birimizi sevindirəcək”.
Üzeyir Cəfərov siyahıda Rusiyanın ilk yerdə qərar tutması məsələsinə də toxunub: “Siyahıda ilk yerdə Rusiya Federasiyasının ordusu göstərilir. Rusiya ordusu sayına və silahına görə birinci yerdə göstərilib. Amma 3 ilə yaxındır, Rusiya Ukryana cəbhəsində elə bir uğura imza ata bilməyib. Strateji hədəflərə çatmayıb və çatması mümkün də deyil. Çünki ötən il peşəkar rus ordusunun sıralarından xeyli sayda sıradan çıxarılanlar olub”.
Aygün