Close

14:05
18 Oktyabr 2024

Ermənistan niyə uzaq mənzilli silahlar alır? - Hərbi ekspertdən AÇIQLAMA

Hindistan Ermənistana "Pralay" kvazi ballistik raketləri satıb. Ermənistanın bu silahları almaqda məqsədi nədir? Ümumiyyətlə, Ermənistan niyə bu qədər silahlandırılır?

Mövzu ilə bağlı TNS-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan Vətən müharibəsindən sonra, xüsusi ilə də son bir ildə intensiv şəkildə silahlanmağa başlayıb.

Hərbi ekspert qeyd edib ki, proseslər eyni zamanda Azərbaycan-Ermənistan sərhədlərində bir neçə yeni hücum silahlarına malik hərbi hissələrin yaradılması ilə müşahidə olunur: “Ermənistanın silahlanmada əsas məqsədi döyüş potensialını bərpa etmək və Azərbaycana qarşı revanşizm imkanlarını əldə etməkdir. Hindistanın Ermənistanı silahlandırmaqda əsas məqsədi Azərbaycanın Pakistan və Çin ilə olan münasibətləri fonunda baş verir ki, bunu əvvəllər də müşahidə edirdik. Hindistanın Ermənistana həm özüyeriyən artilleriya qurğuları, həm hava hücumundan müdafiə vasitələri, həm də "Pralay" kvazi ballistik raketləri verməsinə dair məlumatlar mətbuatda dəfələrlə tirajlanıb. Bütün bunlar onu göstərir ki, Ermənistan uzaq mənzilli silahlar almaqla Azərbaycan Respubilkasının dərinliklərində yerləşən hədəflərə zərbə endirmək niyyətindən əlçəkmir. Sülh sazişini imzalamaq əvəzinə silahlanmaya yüz milyonlarla dollar xərcləyən Ermənistan yaxşı olardı ki, Azərbaycana vurduğu maddi-mənəvi ziyana görə konpensasiyanı ödəməyə üstünlük versin. Silahlanma bu günə qədər Ermənistana heç bir divident gətirməyib. Bundan sonrakı silahlanma da Ermənistana yalnız fəlakətlər vəd edir”.

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli isə TNS-ə bildirib ki, Hindistan və digər ölkələrin Ermənistanı silahlandırmaqda məqsədi Cənubi Qafqazda sabitliyin bərqərar olmamasıdır.

O qeyd edib ki, istər Hindistan, istərsə də digər ölkələr Ermənistanı hər zaman silahlandırıb və indi də bu proses davam edir: “Hindistan və digər ölkələr Ermənistanı ona görə silahlandırır ki, böyük dövlətlər regionda sülhün və sabitliyin olmasını istəmir. Onların bu gərginlikləri yaratmaqda iqtisadi, siyasi və hərbi maraqları var. Hindistan cənubi Qafqazda Ermənistanın timsalında özünə bir dayaq nöqtəsi tapıb”.

Onun sözlərinə görə, Avropa ölkələri, Fransa və digərləri Ermənistandakı zəif, naşı, dövlət maraqlarına cavab verməyən hakimiyyətdən istifadə edir: “Ermənistan nə qədər silahlansa da, faydası yoxdur. Azərbaycan hər zaman müasir silahlar əldə edir, ordumuz hərtərəfli gücləndirilir. Ermənistan hər hansı səhvə yol versə, mənasız, boş iddialarından əl çəkməsə, başqa fikirlərə düşsə, nəticə özü üçün çox ağır olacaq".

Ayşən Azadova