Bu təyyarədən digər güc strukturları da istifadə edə bilər - Daha hansı ölkələrdən hərbi texnika alınacaq?
Xəbər verildiyi kimi, iyunun 26-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliya Respublikasının “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub.
Bu təyyarənin özəllikləri nələrdir və daha çox hansı sahələrdə istifadəsi nəzərdə tutulub?
TNS-in bu barədə suallarını cavablandıran hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, “C-27J Spartan” sadəcə hərbi təyinatlı təyyarə deyil: “Bu təyyarədən digər güc strukturları da rahat şəkildə istifadə edə bilər. Yüklərin daşınmasında, xüsusi təyinatlıların tapşırıq yerinə çatdırılmasında, fövqəladə hallarda insanların təhlükəli ərazilərdən təxliyə edilməsində istifadəsi mümkündür. Yəni çoxfunksiyalı bir təyyarədir”.
Ekspert bildirib ki, bir çox ölkə “C-27J Spartan” əldə etmək istəyir: “Azərbaycan son illər İtaliya ilə mütəmadi danışıqlar apardı, müdafiə nazirləri görüşdü. İtaliyanın müdafiə naziri Azərbaycana gəldi, Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov İtaliyaya getdi. Nəticədə təyyarə alındı. Üzərində də yazıldığı kimi, artıq bu təyyarə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsusdur”.
Üzeyir Cəfərov əlavə edib ki, bu təyyarədən daha bir neçəsi də alınacaq: “Konkret say demək doğru olmaz. Çünki bəzi dövlətlər buna qısqanclıqla yanaşır. Texnikanı gözdən salmağa, haqqında rəy formalaşdırmağa çalışır. Amma Azərbaycan qərarını verib və təyyarə artıq alınıb.
Təyyarənin 26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günündə təqdim olunmasının simvolik mənası var. Yəni Azərbaycan Ordusunun gücünə güc qatan daha bir texnika alınıb”.
Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanın başqa bir dövlətdən də Hərbi Hava Qüvvələri üçün texnika alması gözlənilir: “Rəsmi açıqlandıqdan sonra bu barədə bilgi verəcəyik. Sadəcə onu deyə bilərəm ki, alınacaq yeni təyyarə 4-cü, bəzi göstəricilərinə görə 5-ci nəsil aviasiyaya aid olan texnikadır.
İstər İtaliya, istər digər dostlarımız Azərbaycan Hərbi Hava Qüvvələrinin yenilənməsi prosesində aktiv iştrak edir. Prosesin davamı olacaq. İtaliya siyahıda sonuncu deyil. Yeni ölkələr də olacaq. Çünki biz tək bir ölkə ilə əməkdaşlıq etmirik.
Hazırda ordumuzda sovetdən qalma texnikaların faiz dərəcəsi sürətlə azalır. Əvvəllər bu texnikaların 70-80, bəzi hallarda 100 faiz SSRİ, Rusiya istehsalı olan texnika idisə, indi xeyli azalıb.
Təbii ki, biz Türkiyədən də hərbi avadanlıq və texnika alırıq. Bütün bu addımlar da qardaş Türkiyə ilə müzakirə olunur”.