Politoloq: "Bu antiterror əməliyyatları çərçivəsində..."
“Hazırda ölkəmiz lokal xarakterli antiterror hərbi əməliyyatlarına başlayıb. Azərbaycan dövləti və ordusu tərəddüd etmədən erməni silahlıların çıxarılması üçün Ermənistana, ərazidəki müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin komandanlığına, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyinə bu barədə məlumat verib”.
Bunu TNS-ə politoloq Qabil Hüseynli deyib.
Politoloqun sözlərinə görə, bu gün hava məkanımıza düşmən tərəfindən müdaxilə edilməsi, polislərimizin minaya düşərək həlak olması bir daha onu göstərdi ki, erməni tərəf sülh istəmir: “Onlar özləri məcbur etdilər ki, Azərbaycan hərbi əməliyyatlara başlasın. Nəticədə də hazırda ordumuzun hərbi əməliyyatları davam etməkdədir. Tam əminliklə deyə bilərik ki, bu antiterror əməliyyatları çərçivəsində həm şəhidlərimizin qisası alınacaq, həm də ümumi nəticə Azərbaycanın xeyrinə yekunlaşacaq.
Hərbi əməliyyatların xüsusi əhəmiyyəti olacaq. Düşmən tərəfi hazırda böyük təşviş içərisindədir. Allah Azərbaycan Ordusunu və əsgərlərimizi qorusun. İkinci Qarabağ savaşında olduğu kimi bu savaşda da qələbə Azərbaycanın olacaq".
Bünyamin Bünyadzadə