Neftçalada siqaret faciəyə səbəb oldu - Ölən var

Neftçala rayonu, Xol Qaraqaşlı kəndi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verib.
Bu barədə TNS-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 130kv.m. olan birmərtəbəli beşotaqlı fərdi yaşayış evində təmir işləri aparılan zaman yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təmir işləri aparılan ümumi sahəsi 30kv.m. olan otağın qamışdan ibarət tavanı və pəncərə çərçivəsi yanıb. Partlayış dalğasının təsirindən 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu vəfat edib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Neftçalada ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.
“Report”un məlumatına görə, evdə təmir işləri görən qardaşlar döşəməyə dolğu vuran zaman onlardan biri ehtiyatsızlıq edərək siqaret yandırıb. Bu zaman dolğuda yaranmış qaz anidən partlayıb.