Şamaxıda 10 kq qızılı talayıb bataqlıqda gizlənən şəxslər tutulub - VİDEO

Şamaxıda 10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən şübhəli dəstə ifşa olunub Şamaxı şəhərində quldurluq hadisəsi baş verib.
TNS xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Naməlum şəxslər şəhər sakininə fiziki güc tətbiq edərək ona məxsus içərisində 10 kiloqramdan artıq qızıl-zinət əşyaları olan çantanı quldurluqla talayaraq hadisə yerindən yayınıblar.
Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan hadisənin 23 yaşlı Güloğlan Kərimov, 21 yaşlı Elcan Beydiyev və 18 yaşlı Qafur Baloğlanov tərəfindən törədildiyi müəyyən edilib. Onların hadisə zamanı istifadə etdikləri avtomobilə Hacıqabul rayonu ərazisində yerləşən polis postunda “saxla” işarəsi verilsə də, həmin şəxslər buna məhəl qoymayaraq hərəkətlərini davam etdiriblər. Daha sonra “izi” itirmək məqsədilə avtomobili tərk edərək Şirvan şəhərində bataqlıq ərazidə gizlənən dəstə üzvlərinin yeri müəyyən olunaraq tutulublar. Onların cinayət yolu ilə ələ keçirdikləri qızıl-zinət əşyaları tam həcmdə maddi sübut kimi aşkarlanaraq götürülüb və zərərçəkmişə qaytarılması təmin olunub.
Fakta görə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.