Close

Sumqayıtda zavodda partlayış, 5 yaralı var - YENİLƏNİB

Sumqayıt şəhərində baş verən partlayış nəticəsində xəsarət alan şəxslərin kimlikləri müəyyənləşib.

TNS xəbər verir ki, hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslər arasında qaynaqçı kimi çalışan 1984-cü il təvəllüdlü Bəşirov Oqtay Əli oğlu və 1976-cı il təvəllüdlü Behbudov Nahid Qürbət oğlu da var.

Hər iki şəxs gövdə və sol aşağı ətraf nahiyələrindən 1-ci, 2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarətləri alıblar.

Çilingər işləyən 1979-cu il təvəllüdlü Salahov Təbriz İnqilab oğlunun isə üzünün sağ yarısı və sol ayağı müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb.

Bundan əlavə, 1963-cü il təvəllüdlü Muxtarov İlham Muxtar oğlu və 1984-cü il təvəllüdlü Əzimov Ramiz Çaparxan oğlu üz və boyun nahiyələrindən 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya müraciət ediblər.

Yaralılar Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Onlardan vəziyyəti ağır qiymətləndirilən Oqtay Bəşirov, Nahid Behbudov və Təbriz Salahov Bakı şəhərində yerləşən 5 saylı xəstəxananın yanıq şöbəsinə köçürülüblər.

15:16

20 may 2025-ci il tarixində saat 12:00 radələrində “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalatın sintez sahəsində, B texnoloji xəttində aşağı təzyiq ayrıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib.

Bu barədə SOCAR-dan TNS-ə bildirilib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 2 nəfər ambulator xidmət göstərilərək eve buraxılıb. Xəsarət alan 3 şəxs xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi araşdırılır.

13:48

Sumqayıt şəhərində baş verən partlayış səbəbilə mayın 20-də saat 12:20 radələrində 5 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən TNS-ə bildirilib.

"Müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 3 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur. Digər 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır", - məlumatda deyilir.