Bakıda dərs zamanı şagird vəhşicəsinə döyüldü - FOTO

Bakının Səbail rayonunda yerləşən 239 nömrəli məktəbin 7-ci sinif şagirdi Y.Talıbov dərs zamanı sinif yoldaşı tərəfindən döyülüb.
TNS Teleqraf-a istinadla xəbər verir ki, nəticədə o, sol biləyindən və sağ baldırından zədə alıb.
Şagirdə 15 saylı poliklinikada tibbi yardım göstərilib.
Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları faktla bağlı məktəbdə olublar.
Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.
239 nömrəli məktəbdən qeyd olunub ki, aprelin 30-da dərsdən öncə (saat 07:40 radələrində) təhsil müəssisəsinin 7-ci sinfinin iki şagirdi arasında münaqişə yaranıb: "Lakin uşaqlar bu haqda müəllimlərə və məktəb rəhbərliyinə heç bir məlumat verməyiblər. Şagirdlərdən birinin barmağından zədə aldığı haqda valideyn bu gün sinif rəhbərini məlumatlandırıb".
Bildirilib ki, mayın 1-də şagirdlərin valideynləri məktəbə dəvət edilib:
"Şagirdlərdən birinin valideyni məktəbə gəlməsə də, digər valideynlə söhbət aparılıb, övladının davranışına diqqətin artırılması yönündə tövsiyələr verilib. Məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq maarifləndirici tədbirlərə başlanılıb. Məktəbdə şagirdlərin davranış qaydalarına əməl etmələrinə diqqət daha da artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib. Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır".