Close

Yarım milyard manatlıq məhkəmə işi: "Mən heç cibimdəki pulu saya bilmirəm"

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədovun cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

TNS xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən proses təqsirləndirilənlərin dindirilməsi ilə davam etdirilib.

İttiham olunanlardan Anar Əhmədov "Ozan" MMC-də inzibatçı kimi çalışdığını deyib:

"2015-ci ildən turizm işində çalışmışam. Məni işə Fərhad Qasımov qəbul etmişdi. Rəsmi əmək müqaviləli işçi kimi 1 000 manat maaş alırdım. 2023-cü ildə bizim ofisə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən gəlib axtarış apardılar. Dindirildikdən sonra kağızlar gətirdilər. Eynəyim olmadığı üçün mən də oxumadan imzaladım. Daha sonra həbs olundum. Ofisdə aşkar olunanlardan xəbərim olmayıb. Şahid Nailə Kərimova ilə aramızda pul məsələsi olduğunu deyirlər, lakin biz bir-birimizi tanımırıq".

Digər təqsirləndirilən Cavid Əzizov da sərbəst ifadəsi zamanı onu işə Fərhad Qasımovun qəbul etdiyini deyib:

"Mən heç cibimdəki pulu saya bilmirəm. Mənim ona savadım çatmazdı. İttihamı qəbul etmirəm. Onların heç birini oxumamışam. Təqsirləndirilənlə isə qohumuq. Onlarla başqa əlaqəm olmayıb. Bahadır Qasımov isə xaricdə yaşayırdı. İttihamdakı kimi, ofisə tez-tez gəlmirdi. Əleyhimə ifadə verənlərin niyə belə etdiyini bilmirəm. Yəqin ki, qorxublar. Özləri bilsinlər, Allahları bilsin".

Mayın 5-də keçirilməsi nəzərdə tutulan növbəti proses təqsirləndirilənlərin ifadəsi ilə davam edəcək.

Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən altı nəfər - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlu həbs ediliblər.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana və geriyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə, ümumilikdə, 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

Onlara Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci və 206-1.3-ci maddələri ilə ittiham irəli sürülüb.(0xu.az)