"Bizi oradan uzaqlaşdırdı ki, sel bizi də aparar" - Sel özünü apardı - VİDEO

Xəbər verdiyimiz kimi, aprelin 16-sı Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində tikinti sahəsinin rəisi Pərviz Həyatullayev həlak olub.
TNS xəbər verir ki, bu barədə İctimai TV Pərviz Həyatullayevin yanında olan işçilərlə həmsöhbət olub.
“Pərviz müəllim bir başçı idi. Hər kəsi göndərə bilərdi, özü fədakarlıq etdi, xilas etmək istədi”, - deyə, onlar söyləyiblər.
“Hadisə baş verəndə gedib gördük ki, Pərviz müəllim də oradadır. Ondan əlavə çox adam var idi. Bizi oradan uzaqlaşdırdı ki, sel bizi də aparar”.
İş yoldaşları hadisənin baş verdiyi yerdə onu anıb. Mərhumun ruhuna dualar oxunub, şəkli önünə gül dəstələri qoyulub.
Xatırladaq ki, podratçı şirkətin iki əməkdaşı Ağsu çayında yaranmış sel nəticəsində köməksiz vəziyyətdə qalıb. Bu zaman onların digər iş yoldaşları ekskavator vasitəsilə həmin əməkdaşları xilas etməyə çalışıb və P. Həyatullayev də ekskavatorun çalov hissəsində həmin şəxslərə yaxınlaşaraq kəndirlə onları xilas etmək istəyib. Bu zaman sel daha da güclənib və ekskavatoru aparıb. Ekskavatorda olan Pərviz Həyatullayevlə digər əməkdaş çaya düşüblər. Onlardan Pərvizin həyatını xilas etmək mümkün olmayıb, digər üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
42 yaşlı P. Həyatullayev ötən gün Binəqədi qəbiristanlığında dəfn olunub. O, 4 uşaq atası idi.
Daha ətraflı süjetdə: