“Hər şey yaxşı olacaq” - Aktauda son uçuş - VİDEO

“Global Media Group” və “Baku TV" ötən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsi haqqında sənədli film hazırlayıb.
TNS xəbər verir ki, sənədli film “J2-8243: Son uçuş” adlanır.
Ekran işi ümumilikdə dörd hissədən ibarətdir. Filmdə qəza nəticəsində həlak olanların, sağ qalanların və onlara yardım edənlərin həyat hekayəsindən bəhs olunur.
Filmin ilk hissəsində təyyarə qəzası zamanı yüksək peşəkarlıq nümayiş etdirərək qəhrəmancasına həlak olan baş pilot İqor Kşnyakin, köməkçi pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevanın ailə üzvləri onlar barəsində xatirələrini bölüşüblər. Ekipaj üzvlərinin ailəsi Milli qəhrəmanların yüksək peşəkarlıqları və işlərinə olan sevgiləri barədə fikirlərini ifadə ediblər.
“Hər şey yaxşı olacaq” adlanan növbəti hissədə isə ekipaj üzvlərinin yüksək peşəkarlığı sayəsində sağ qalan sərnişinlərin bir qismi və ekipaj üzvləri Zülfüqar Əsədov danışıb.
Sənədli filmin üçüncü hissəsində olan “Aktau”da isə qəzadan dərhal sonra hadisə yerinə gələn Qazaxıstandan olan köməkçi qrup üzvləri, jurnalistlər və qəza şahidləri fikirlərini bölüşüblər, “Necə oldu?” adlı dördüncü hissədə isə qəzanın baş verməsindən sonra olan hadisələrin ümumi təfərrüatı və Prezident İlham Əliyevin Rusiya səfərini yarımçıq saxlayaraq ölkəyə qayıtması, dərhal müşavirə keçirməsi və digər detallar barədə məlumat verilib. Bu hissədə ekspert və politoloqlar, eləcə də AZAL-ın əməkdaşları qəza barəsində danışıblar.
Ekran işində həmçinin qəzadan sonra həlak olan və sağ qalan ekipaj üzvlərinin Prezident İlham Əliyevin Sərəncamı ilə yüksək səviyyədə təltif edilməsi, sağ qalan sərnişinlərə peşəkar tibbi xidmətin göstərilməsi və dövlət qayğısı xüsusilə qeyd olunub. Müsahiblər buna görə Prezident İlham Əliyevə və Azərbaycan dövlətinə minnətdarlıq ifadə ediblər.
Qeyd edək ki, sənədli filmin rəhbəri İman Məcidov, müəllifi və rejissoru Kübra Uygun Sertdağ, quruluşçu operatoru Bəhruz Abbasov, baş prodüseri isə Arzu Səfərovadır.