Close

23:40
01 Aprel 2025

Xaçmazda və Qubada yanğın baş verdi - YENİLƏNİB

Xaçmaz rayonunun Qalağan, Canaxır kəndlərində açıq ərazidə və Quba rayonunun Küsnət kəndində mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının qarşısı alınıb.

Bu barədə TNS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınlar küləkli hava şəraitinə baxmayaraq geniş sahələrə yayılmasına imkan verilmədən söndürülüb.

16:05

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Qalağan, İstisu, Xaspoladoba, Canaxır kəndələrində və Quba rayonunun Küsnət kəndi ərazisində açıq ərazidə yanğın baş verməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz, Şabran və Quba rayonlarının Yanğından Mühafizə hissələrinin qüvvələri yanğınların söndürülməsinə cəlb olunub.

Xaçmaz rayonunun Xaspoladoba kəndi və İstisu qəsəbəsi ərazisindəki yanğınlar havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Əməliyyat şəraitinə uyğun olaraq hazırda digər yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, hazırda bəzi ərazilərdə müşahidə olunan küləkli hava şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

15:20

Xaçmaz rayonunun 4 kəndində yanğın başlayıb.

TNS APA-ya istinadla xəbər verir ki, rayonun Xaspoladoba, Qalağan, Canaxır kəndlərində və İstisu qəsəbəsində kol-kos, qamışlıq ərazilərdə yanğın baş verib.

Qeyd edilən ərazilərə FHN-nin Xaçmaz, Quba və Şabran DYMH-lərinin briqadaları cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, hazırda Xaçmaz rayonunda güclü külək müşahidə olunur.