Bakıda lombarda basqın edərək işçiləri ölümlə hədələyən maskalı şəxs saxlanılıb - VİDEO

Bakıda lombarda basqın edilib.
TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən lombardların birində quldurluq hadisəsi qeydə alınıb. Şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunan naməlum şəxs odlu silaha oxşar əşya ilə obyektə daxil olaraq pul tələb edib. Orada çalışan iki qadın işçini pulu verməyəcəkləri təqdirdə ölümlə hədələyib.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirlərilə cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı Savalan Balabəyli müəyyən olunaraq saxlanılıb.
Quldurluq hadisəsi obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.