Bərdədə 28 yaşlı qadın doğuş zamanı öldü

Bərdədə qadın doğuş zamanı ölüb.
TNS-in yerli müxbirinin məlumatına görə, rayon sakini, 1997-ci il təvəllüdlü Qaçaylı Füruzə Şakir qızı kəskin ağrılarla Bərdə Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə müraciət edib.
Şöbənin baş həkimi Tünzalə Bəşirova TNS-ə bildirib ki, F. Qaçaylı xəstəxanaya daxil olarkən, səhhətində yaranmış problemlə bağlı sistem köçürdüyünü deyib: “Bildirdi ki, sistem bitməmiş böyrəklərində güclü ağrılar yaranıb. Onun üçün təcili tibbi yardım çağırılıb. Təcili tibbi yardım briqadasının əməkdaşları ona ağrıkəsici kimi istifadə olunan "Platfilin" iynəsi vurublar. Daha sonra onu xəstəxanaya gətiriblər. Yaranmış vəziyyətlə bağlı onda güclü ürək bulanması yarandığından əməliyyata götürülüb. Doğuş əməliyyatına götürülən qadın 37 həftəlik hamiləlik dövründə olub və əməliyyat normal keçib. Sonradan halı pisləşən F.Qaçaylı həyatını itirib. Uşaq isə sağdır".
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı