Close

Minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesində Qarabağda yaşayan erməniəsilli şəxs Hayrapetyan Kamo Eduardoviç şahid qismində ifadə verib.

TNS xəbər verir ki, şahid ifadəsində bildirib ki, Ruben Vardanyan Xankəndiyə gəldikdən sonra 44 günlük müharibədə Azərbaycanın qaytardığı ərazilərin sərhədlərində onun maliyyəsi ilə minalanma işləri aparılıb. O qeyd edib ki, həmin minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib. “Xankəndidə yaşayan ermənilər də Qarabağ ərazisində minalanma işlərinin Ruben Vardanyan gələndən sonra geniş vüsət aldığını biliblər. Məktəblərdə, binaların ətrafında, meşələrdə və boş ərazilərin yaxınlığında həmin minalarla bağlı məlumat xarakterli plakatlar yerləşdirilib. Halbuki 44 günlük müharibəyə qədər minalarla bağlı heç bir plakat olmayıb”, - deyə şahid əlavə edib.

Məhkəmə prosesi martın 18-də davam etdiriləcək.