Close

16:53
03 Mart 2025

7 körpənin öldüyü yanğında ittiham olunan direktorun ifadəsi

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

TNS APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə Mehriban Abasquliyevanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

Bakı Perinatal Mərkəzinin sabiq direktoru, iş üzrə təqsirləndirilən Mehriban Abasquliyeva ifadəsində hadisənin baş verməsində özünü təqsirli bilmədiyini bildirib.

Bununla yanaşı, o, ifadəsində mərkəzdə boş olan 5 tibb bacısı, 3 tibb qardaşı və çatışmayan 3 çarpayı üçün TƏBİB-ə müraciət etdiyini bildirib.

Daha sonra iş üzrə təqsirləndirilən digər şəxs Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev sərbəst ifadə verib.

O, bildirib ki, 10 ildən artıqdır ki, Republika Perinatal Mərkəzində Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri vəzifəsində çalışır:

“Mən rəhbərlik etdiyim şöbədə bütün işçiləri tanıyıran. Bizim şöbə 5-ci mərtəbədə yerləşir, 4-cü mərtəbə “Yenidoğulmuşlar terapiya” şöbəsidir. Şöbə müdiri Məryəm Rzayevadır. Mənim həmin şöbəyə aidiyyatım yoxdur. Biz İcbari Tibbi Sığortaya keçdikdən sonra yeni işçilər gəldi və bəzi şöbələr birləşdirildi. Yanlız bizim və “Yenidoğulmuşlar terapiya” şöbəsi birləşdirilmədi. Hadisə də 4-cü mərtəbədə baş verib. Hər mərtəbənin təhlükəsizliyinə həmin şöbənin rəhbəri cavabdehdir.
FHN DYMX-nin dəfələrlə yanğın təhlükəsizliyinin əməl edilməməsi ilə bağlı akt tərtib edib. Lakin mənim bununla bağlı sonradan məlumatım olub. Ümumiyyətlə, bu prosesin mənə aidiyyatı yoxdur. Həm mən həkiməm, həm də bu aktlar 4-cü mərtəbə üçün tərtib olunub. Həmin aktlar tərtib olunan zaman bölmə rəhbəri Məryəm Rzayeva olub. Təsərrüfat şöbəsinin rəhbəri də cərimələnib”.

2008-ci ildən mərkəzdə ana ölümü faktı qeydə alınmayıb.

“Məhkəmənin nəzərinə çatdırım ki, 2008-vi ildən hadisə baş verənədək Respublika Perinatal Mərkəzdə ana ölümü faktı qeydə alınmayıb. Mən 35 ildir həkiməm. Bu vaxtadək fəaliyyətimdə nöqsan olmayıb. Dəfələrlə həm mərkəzin, həm də Səhiyyə Nazirliyi tərəfindən təltif olunmuşam, öz təcrübəmi bölüşmüşəm”.

Bu hadisə kollektivin işini yerə vurdu.

Təqsirləndirilən şəxs hadisədən təəssüfləndiyini bidirərək, bu hadisədə özünü təqsirli bilmədiyini, biz gecə-gündüz ana ölümlərinin qarşsını almaq üçün çalışırdıq, amma bu hadisə əziyyətimizi yerə vurdu. Mən məhkəmənin ədalətinə inandığını vurğuladı.

Daha sonra təqsirləndirilən şəxs dövlət ittihamçısı Orxan Səmədovun suallarını cavablayıb.

Zərərçəkən şəxs məhkəmə prosesinin qapaılı keçirilməsini barəsində məhkəməyə vəsatət versə də, məhkəmə vəsatəti əsaslı saymayaraq təmin etməyib.

Proses martın 17- də davam etdiriləcək.

Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.
Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.