İçdiyi viskinin şüşəsi ilə atasını öldürdü, həbs cəzası verilmədi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən Xəyyam Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
TNS hadisənin təfərrüatlarını təqdim edir.
İttihama görə, Sabirabad rayon sakini, 1953-cü il təvəllüdlü Mirtahir Səmədovun aldığı xəsarət nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1982-ci il təvəllüdlü Xəyyam Səmədovun Sabirabad şəhəri H.Həmidov küçəsi ərazisində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı atası Mirtahir Səmədovun baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsi müəyyənləşib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Xəyyam Səmədov tutulub.
"Səhər məlumat verdilər ki, atam ölüb”
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ittihamları qəbul etməyib və bildirib ki, atasını o, öldürməyib: “Fevralın 23-də atamı sağ-salamat qoyub Bakıya, dostumun yanına getmişəm. Atamla heç bir mübahisəm olmayıb. Həmin gün axşam saatlarında mağazadan çörək, yemək və viski alıb, evə gəldim. Atam evdə idi. Onu çağırdım ki, gəlsin, birlikdə içək. Amma əsəbi olduğu üçün içmədi. Mən mətbəxdə içki qəbul edib, taksi ilə Bakıya getdim. Oteldə olanda da atamla danışdım, heç bir problemi yox idi. Səhər mənə məlumat verdilər ki, atam ölüb”.
"Xəyyam onu spitrli içkinin şüşəsi ilə döyüb, bədənini doğrayıb"
Məhkəmədə ifadə verən şahid, Xəyyam Səmədovun qonşusu isə bildirib ki, hadisənin mərhumun oğlu törədib: “Rəhmətlik Mirtahir zəng vurub, qohumu Mirabbasa deyib ki, oğlu Xəyyam onu spitrli içkinin şüşəsi ilə döyüb, bədənini doğrayıb. Mirabbas da mənə dedi. Mirtahir xəstəxanada idi, polislər gəlib, hadisə yerinə baxış keçirdilər, hadisə yerində şüşə qırıqları və qan var idi. Xəyyam axşam içki qəbul edəndən sonra atasını döyüb, sonra taksi ilə Bakıya gedib. Bir gün sonra evlərinə qayıdıb.
Xəyyamla atası arasında tez-tez mübahisələr, davalar olurdu”.
İfadələrdən sonra məhkəmə istintaqı yekunlaşıb və qərar elan olunub.
Məhkəmə Xəyyam Səmədovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlib və onu cəzadan azad edib. Məhkəmənin qərarı ilə X. Səmədov Səhiyyə Nazirliyinin 1 saylı Psixatriya Xəstəxanasına məcburi müalicəyə göndərilib.