Sabiq baş redaktor azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaq və dələduzluqda təqsirləndirilən, Elm və Təhsil Nazirliyinin mətbu orqanı “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
TNS-in məlumatına görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror Rahil Nəcəfovun 11 il, onunla bərabər təqsirləndirilən Gözəl Mustafayevanın 2 il 6 ay, Amal Həsənlinin 10 il müddətində azadlıqdan məhrum edilməsini xahiş edib.
Daha sonra məhkəmə hökmü elan olunub.
Məhkəmənin hökmü ilə Rahil Nəcəfova 3 il sınaq müddəti olmaqla 9 il şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Təqsirləndirilən Amal Həsənliyə 3 il sınaq müddəti olmaqla 8 il 6 ay müddətində şərti cəza təyin edilib.
Gözəl Mustafayeva isə 1 il sınaq müddəti olmaqla 2 il müddətinə şərti cəza alıb.
Təqsirləndirilən Amal Həsənli və Gözəl Mustafayeva barəsində istintaq dövründə seçilən qətimkan tədbiri dəyişdirilməyib.
Qeyd edək ki, Rahil Nəcəfov Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının pulunu mənimsəməkdə ittiham olunur.
Rahil Nəcəfov və onunla birlikdə mühakimə olunan şəxslərin istintaqı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
Onların barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 179-cu (mənimsəmə və ya israf etmə) və 311.3.3-cü (külli midqrda rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Rahil Nəcəfov 2012-cil ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Şərq fəlsəfəsi filosoflarının irrasional görüşləri haqqında dissertasiya işi müdafiə edərək, fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.
2016-2017-ci illər AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2018-2020-ci illərdə Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olub.