Hava limanının əməkdaşı qayınatasını 12 bıçaq zərbəsi ilə öldürdü

Şəki Ağır Cinayətlər Məhkəməsində qayınatasını xüsusi amansızlıqla qətlə yetriməkdə təqsirləndirilən Eldəniz Yaralıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
TNS hadisənin təfərrüatlarını təqdim edir:
İttihama görə, E. Yaralıyev içki düşkünü olduğu üçün həyat yoldaşı və övladlarını tez-tez döyürmüş. Qayınatası R. Qubatov dəfələrlə kürəkəninə xəbərdarlıq etsə də, o, bu xəbərdarlıqlara məhəl qoymayıb. Nəticədə R. Qubatov qızını və nəvələrini götürüb öz evinə aparıb. Onların getməsindən qəzəblənən E. Yaralıyev içki qəbul edərək qayınatasıgilə gedib, R. Qubatovu 12 bıçaq zərbəsi ilə qətlə yetirib.
"Atama zəng edib dedim ki, Rafiqi öldürəcəm"
Prosesdə ifadə verən təqsirləndirilən şəxs ittihamları qismən qəbul edərək bildirib ki, qayınatası Rafiq Qubatov onun ailə işlərinə qarışırmış: “Tez-tez ailə işlərimizə qarışırdı. Dəfələrlə demişdim ki, belə eləməsin. O isə mənə məhəl qoymurdu. Həmin gün ailə üzvlərimi gətirmək üçün onlara getmişdim.
Qəbələ Beynəlxalq Hava Limanında mühafizədə işləyirdim. Uşaqlarım iki gün idi ki, yoldaşımın xalasıgilə getmişdilər, həmin gün gəlməli idilər. Yoldaşıma zəng vurub uşaqların evə gəlib-gəlmədiyini soruşmaq istədim. Telefona cavab vermədi. Evə gəlib gördüm ki, heç kim yoxdur. Öyrəndim ki, qayınatamgildədirlər. Kafedə dostumla spirtli içki içmişdim. Bu xəbəri eşidəndən sonra əsəbimdən yenidən araq və pivə içdim. Atama zəng edib dedim ki, Rafiqi öldürəcəm. Daha sonra evdən bıçaq götürdüm, taksi çağırıb qayınatamgilə getdim. Evlərində heç kim yox idi. Hasardan aşıb, onların gəlməyini gözlədim.
Hava qaralmışdı, maşının işığından bildim ki, gələn onlardır. Gizləndim, uşaqlarım və yoldaşım maşından düşüb evə getdilər. Qayınatamla qayınınam həyətdə olanda onlara yaxınlaşdım. Qayınanam məni normal qarşılasa da, qayınatam təhqir etdi. Ona dedim ki, mənim ailə işimə qarışmasın. Danışa-danışa evin yanına keçdik. Məni yenidən söydü, dözməyib bıçaqladım. Neçə bıçaq vurduğum yadımda deyil. Daha sonra oradan çıxıb atama zəng vurdum ki, Rafiqi öldürdüm”.
"Dedi ki, Eldəniz məni doğradı"
Prosesdə ifadə verən zərərçəkmiş şəxsin həyat yoldaşı Əsmayə Qubatova isə bildirib ki, Eldəniz həyətdə onun həyat yoldaşına qəfil hücum edib: “Həyətə çatdıq, maşından düşəndə Eldəniz əlində bıçaq bizim tərəfə gəldi. Uşaqları kənara çəkdim. Eldəniz həyat yoldaşımın ata-anasını söyməyə başladı. Yalvardım ki, vurmasın. Amma özündə deyildi. Rafiqə hücum elədi, bıçaqlamağa başladı. Qışqırdım, kömək çağırdım. Eldəniz ard-arda bıçaq zərbələri endirirdi. Sonra qalxdı, həyətdən çıxıb getdi. Rafiqə yaxınlaşanda dedi ki, Eldəniz məni doğradı.
Təcili onu xəstəxanaya çatdırdıq. Həkimlər dedi ki, Rafiqin cəmi 10 faiz qanı qalıb. Əməliyyat etmək istəmədilər.
Eldənizə ən ağır cəzanın verilməsini istəyirəm”.
Məhkəmədə şahid ifadələrindən sonra istintaq yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E. Yaralıyev 17 il azadlıqdan məhrum edilib.