Close

22:59
15 Fevral 2025

Nazirliyin adından dələduzluq: Pulu qurumun binasının önündə aldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) adından dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

TNS "Qaynarinfo"ya istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə aparılan məhkəmə istintaqı zamanı məlum olub ki, Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilən müttəhim T.Ə. zərərçəkən R.A.-nın 7 800 manatını dələduzluq yolu ilə ələ keçirib.

R.A. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətində işə düzəlmək istəyib. T.Ə. yüksəkvəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu deyərək bu məsələdə ona kömək edəcəyini və bunun üçün 10 000 manat pul lazım olduğunu bildirib.

R.A. razılaşaraq T.Ə.-yə hissə-hissə ümumilikdə 7 800 manat pul verib. T.Ə. inandırıcı olsun deyə pulun bir hissəsini FHN-in inzibati binasının yaxınlığında alıb. R.A. sonradan aldadıldığını başa düşərək T.Ə. barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.

T.Ə. məhkəmə istintaqı zamanı ittihamla razılaşaraq, özünü təqsirli bilib. Eyni zamanda, dəymiş zərərin ödənildiyini qeyd edib.

Məhkəmənin hökmü ilə T.Ə.-yə 2 il 1 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.