Close

Bakıda səfirlik əməkdaşı adam bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

TNS-in məlumatına görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Emin İbrahimov ötən il iyulun 22-də Nizami rayonunda Məmmədov küçəsində səki ilə hərəkətdə olarkən, əvvəllər tanımadığı Kamal Şükürovla toqquşub. Aralarında yaranmış mübahisə zəminində onlar bir-birini təhqir edib, E. İbrahimov K.Şükürovu bıçaqlayıb.

Emin İbrahimov özünü ittihamda təqsirli bilməyərək, yazılanların yalan olduğunu deyib.

Zərərçəkən Kamal Şükürov ifadəsində qeyd edib ki, hadisə təhqir və dava səbəbindən baş verib: "Mən həmişəki qayda ilə Sədərək Ticarət Mərkəzindən Laçın Ticarət Mərkəzinə mallarla bağlı siyahını almağa gedirdim. Həmin vaxt yolda sıxlıq olduğu üçün maşınımı küçənin yuxarısında saxlayıb, qalan yolumu piyada davam etdim. Səki ilə hərəkətdə olarkən Emin İbrahimovla toqquşdum. Dönüb üzr istəmək istəyəndə Emin yaxamdan tutaraq, məni təhqir etdi. Daha sonra bıçaqladı".

Proses martın 12-dək təxirə salınıb.

Qeyd edək ki, Emin İbrahimov 2024-cü ilin iyul ayında cinayət məsuliyyətinə cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.