Azərbaycanda film kimi olay - 2 yaşlı övladını dayənin yanında qoyub qaçdı
![](/upload/files/up3/Xeberler/2025/2/11/Ekran_skli_2025-02-11_175155.png)
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bir il əvvəl sığınacağa yerləşdirilən azyaşlı ilə bağlı təhdid olunduğunu açıqlayıb.
TNS xəbər verir ki, birlik sədri yaşadıqları problemlə bağlı Daxili İşlər Nazirliyinə də müraciət edib.
Kəmalə Ağazadə hadisənin təfərrrüatı ilə bağlı bunları deyib: “Təxminən 1 il əvvəl ana 2 yaşlı övladını dayənin yanına qoyaraq gedib. Daha sonra onunla 28 gün ərzində əlaqə saxlamayıb. Uşağın anasından xəbər çıxmadığını görən dayə bu vəziyyətlə bağlı “qaynar xətt”imizə müraciət edib. O zaman polis əməkdaşlarının iştirakı ilə uşaq sığınacağa yerləşdirilidi.
Ananı dəfələrlə sığınacağa dəvət etdik, amma gəlmədi. Azyaşlının sığınacaqda qaldığı müddət ərzində isə naməlum şəxslər müxtəlif nömrələrdən zəng edərək özlərini uşağın dayısı, əmisi və ya digər qohumları kimi təqdim ediblər. Onlar təhdidedici ifadələr işlədərək uşağın təhvil verilməsini tələb edir, hədə-qorxu gəlir, bizi öldürəcəklərini bildirirdilər”.
Sədr fevralın 11-də özlərini uşağın qohumu kimi təqdim edənlərdən daha bir "maraqlı" təklif aldığını deyib: “Onlar mənə bildirdilər ki, ana gələcək və səssiz-səmirsiz uşağı ona təhvil verəcəksiniz. Əks halda, ana canlı yayım açacaq və hamının gözü qarşısında intihar edəcək. İntihar edərkən isə Kəmalə Ağazadənin bu intiharda günahkar olduğu bildiriləcək”.
Sığınacaqlar və onun əməkdaşlarının hər zaman təhdiq, şantaj altında olduğunu deyən sədr, bu yeni “üsul”un təhdidçilər üçün yeni alət ola biləcəyini vurğulayıb.