Close

Kafedə keçmiş məhkumu qətlə yetirdi, 9 il cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə qətl törətməkdə təqsirləndirilən Akif Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A. Məcidov 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il iyunun 28-də saat 01 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən kafelərin birində baş verib. Bakı şəhər sakini Akif Məcidov münaqişə zəminində paytaxt sakini, əvvəllər məhkum olunmuş Zaur Nemətova bıçaqla xəsarət yetirib.

Nəticədə Z.Nemətov xəstəxanaya aparılarkən ölüb.

Xəzər rayonu 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Məcidov tutularaq istintaqa təhvil verilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.