Close

17:41
11 Fevral 2025

Axtarışda olan şəxsi gizlətdi, polkovnik-leytenanta xəsarət yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşlarına xəsarət yetirməkdə və silahlı müqavimət göstərməkdə təqsirləndirilən Elman Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS hadisənin təfərrüatlarını təqdim edir:

İttihama görə, hadisə ötən il oktyabrın 16-da Gədəbəy rayonunun Şəkərbəy kəndində baş verib. Evlərin birindən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərməyə cəhd edən şəxslər saxlanılıblar.

Əvvəllər məhkum edilmiş Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü (oğurluq) maddələri ilə axtarışda olan Hüseynov Nəsib Qayıb oğlu və barəsində 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət icraatı olan 1976-cı il təvəllüdlü Cəfərov Elman Əvəz oğlu, əvvəllər məhkum olunmayan 1967-ci il təvəllüdlü Cəfərov Nəriman Ələsgər oğlu Gədəbəy RPŞ əməkdaşları tərəfindən saxlanılarkən odlu silahla müqavimət göstəriblər.

Evdə gizlədilən hərbi silah-sursat

Qeyd edilib ki, təqsirləndirilən şəxs Elman Cəfərov əmisi oğlu Nəriman və qohumu, axtarışda olan Nəsib Hüseynovla evində birlikdə yemək yeyərkən, xidməti vəzifələrini yerinə yetirən Gədəbəy rayon polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı və həmin şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı evə daxil olaraq özlərini təqdim edib, Nəsib Hüseynovu Gədəbəy rayon polis şöbəsinə dəvət edib. Bu vaxt N. Hüseynov yivsiz ov tüfəngi ilə silahlı müqavimət göstərib. Polislər təqsirləndirilən şəxsi zərərsizləşdirmək istəyərkən E. Cəfərov oturacaqla (stulla) polis əməkdaşını vurub, zərərçəkmişin təqsirləndirilən şəxsi saxlamasına mane olub. Evə baxış keçirilərkən oradan döyüş sursatı hesab edilən 1 ədəd «F1» tipli əl qumbarasının gövdəsini və 1 ədəd «F1», «RQD-5» və «RQ-42» tipli əl qumbaralarının «UZRQM» tipli partlayıcısı aşkar edilərək götürülüb.

"Qoy çaxırımı içim, təslim oluram"

Prosesdə ifadə verən təqsirləndirilən şəxs Elman Cəfərov ittihamları qəbul etməyib. Bildirib ki, o, polislərə müqavimət göstərməyib: “Nərimanla evdə çörək yeyirdik. Nəsib əlində tüfəng içəri daxil oldu. Bildirdi ki, polislər onu bezdirib, ona görə də özünü öldürmək istəyir. Nəsib stulda oturaraq, silahın lüləsini boğazına dirədi. Atəş açmaq istəyəndə mane olduq. Bu vaxt polislər evə daxil oldular. Nəsibə təklif etdilər ki, təslim olsun. O, təslim olmaq istəmirdi. Sonra Nəsib əllərini havaya qaldırıb dedi ki, qoy çaxırımı içim, təslim oluram. Polis əməkdaşı isə havaya atəş açdı. Nəsiblə polis əməkdaşı tüfəngdən yapışıb dartdılar. Bu vaxt polis əməkdaşının kürəyi aynabəndə dəydi. Nəsib onu yıxdı. Digər polislər evə daxil olub, qollarımızı bağladılar. Evi axtardılar. Dolabdan tüfəng, sandıqdan isə qumbara aşkarlandı”.

"Arxadan kürəyimdən zərbə endirdi"

Prosesdə ifadə verən polis polkovnik-leytenantı isə bildirib ki, hadisə vaxtı Nəsibi zərərsizləşdirmək istəyərkən Elman onlara mane olub: “Əməliyyat məlumatı əsasında evə daxil olanda Nəsib bizə silahlı müqavimət göstərmək istədi. Biz onu tərksilah edərkən Elman arxadan oturacaq stulla kürəyimdən zərbə endirdi. Mən özümü itirib yerə yıxıldım. Bu vaxt Nəsib fürsətdən istifadə edib qaçdı. Onu həyətdəki digər polis əməkdaşları tutub saxlaya bildilər”.

Prosesdə şahid ifadələrindən sonra məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E. Cəfərov 4 il 6 ay azadlıqdan məhrum edilib.