Close

17:15
07 Fevral 2025

Kriminal avtoritet ev dustaqlığına buraxılmadı

Bakı Ağır Cinayətlər Məhkəməsində ukraynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan, Ukrayna Müdafiə Sənayesi Nazirliyinin avrasiya məsələləri üzrə sabiq müavini Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

TNS-in məlumatına görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə vəkil "Oleq Bakinski"nin məhkəmə istintaqı dövründə ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Müdafiəçi bildirib ki, Krapivin uzun müddət səhhətindəki ciddi problemlə bağlı Almaniya və digər ölkələrdə müalicə alıb. Hazırda da müalicəyə ehtiyacı var: "Onun işində zərərçəkmişlər xarici ölkə vətəndaşlarıdır. Yəni, onun zərərçəkmişlərə təsir imkanları yoxdur. Krapivinin hazırda səhhətində ciddi problemlər var. Həmin xəstəliyin isə təcridxana şəraitində müalicəsi mümkün deyil. Ona görə də xahiş edirik ki, "Oleq Bakinski" müalicə məqsədi ilə ev dustaqlığına buraxılsın".

Prokuror vəsatətin təmin edilməməsini istəyib. Dövlət ittihamçısı bildirib ki, hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində təqsirləndirilən şəxsin müalicəsi üçün normal şərait var.

Müşavirədən sonra qərar qəbul olunub. Qərara əsasən, vəsatət təmin edilməyib.

Daha sonra dövlət ittihamçısının suallarını cavablandıran "Oleq Bakinski" günahsız olduğunu deyib. O bildirib ki, heç bir günahı olmadığı halda, 7 aydır, həbsdədir: "Mənim heç bir günahım olmayıb. Kuçer mənə dedi ki, müqavilə bağlamaq lazımdır, imza atmalıyam. Dedi ki, 4 milyon dollarlıq müqavilə var. Mən də gəldim. Ofisdə görüşdük, danışdıq. Telefon nömrəmi də verdim ki, nə vaxt Bakıya gəlsələr, zəng vursunlar. İkinci dəfə görüşəndə Valeriy Zaxarenkov söyüş söydü. Kuçerlə mübahisəsi yarandı. Bu işdə mənim heç bir rolum olmayıb. Nə xuliqanlıq etmişəm, nə də kiməsə xəsarət yetirmişəm. Niyə içəridəyəm, hələ də bilmirəm. Hər dəfə deyirlər səbrli ol. Nə qədər səbr etmək olar? Mənim heç bir günahım yoxdur".

Qeyd edək ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.

"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.