Müəmmalı şəkildə ölən idmançının atası: "Günahı olan cəzalandırılsın” - FOTO
Qəbələdə ailəsi ilə istihahətə gedərkən boğulduğu deyilən Ağcabədi rayon sakini, 2010-cu il təvəllüdlü Hüseyn Hüseynovun ölümünün təfərrüatları məlum olub.
Mərhumun atası Azər Hüseynov TNS-in yerli müxbirinə açıqlamasında bildirib ki, ictimaiyyətə səhv məlumat verilib: “Mənim 4 övladım var idi. Hüseyn yüksək nailiyyətlər əldə etmiş oğlum idi. Güləşlə məşğul olurdu. Son illərdə rayonlararası yarışlarda iştirak edib və həmişə də yüksək nailiyyətlər qazanıb. Sonuncu yarışa hazırlaşırdı. Hadisə günü mənim icazəmlə müəllim və digər idmançılarla Qəbələyə təlim-məşqə getmişdilər. Axşam mənə zəng gəldi ki, oğlumun vəziyyəti ağırdır, təcili Qəbələyə gedib. Dedilər ki, qorxmayım, amma gedim. Gecə ilə Qəbələyə yollandım. Qəbələ Rayon Prokurorluğunda mənə dedilər ki, oğlunuz suda boğulub”.
A. Hüseynov deyib ki, oğlunun heç bir xəstəliyi olmayıb: “Tam sağlam idi. Hazırda ekspertizanın nəticələrini gözləyirik. Oğlum ailəsi ilə deyil, idmançılar və müəllimi ilə birlikdə gedib. Dedilər ki, birinci dəfə hamısı hovuzdan çıxıb. Sonra uşaqlar müəllimdən 5 dəqiqə artıq üzməyə icazə istəyib, o da icazə verib. Bir də görüblər ki, Hüseyn yoxdur. Hüseynin boğulmuş cəsədini aşkarlayıblar. Meyitdə nöqtə boyda da xəsarət yoxdur. Xahiş edirəm, ekspertizanın nəticələrinə dəqiq baxılsın. Kimin bu işdə günahı varsa, ciddi cəzalandırılsın”.
Ziya Əmirxanlı