Close

İlqar Məmmədov məhkəmə zalında həbs olundu

Saatlıda xəstəxananın vəzifəli şəxsləri ilə əlaqəsi olduğunu bildirərək əlillik dərəcəsi, əlilliyə görə əmək təqaüdü, sağlamlıq imkanları məhdudluğuna görə müavinət təyin etdirəcəyinə dair vədlər verib nüfuz alverində təqsirləndirilən İlqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

TNS “Report”a istinadən xəbər verir ki, Saatlı Rayon Məhkəməsində hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, üç il müddətinə azadlıqdan məhrum edilib. İlqar Məmmədovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalında həbs olunub.

İttihama görə, İlqar Məmmədov vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə zərərçəkənlərdən pul alaraq nüfuz alveri edib.

İttihamda qeyd olunub ki, o, müxtəlif xəstəlikdən əziyyət çəkən, eləcə də fiziki qüsurlu şəxslərə, onların yaxınlarına Saatlı Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasının vəzifəli şəxsləri ilə aralarında tanışlıq olduğunu bildirib. Həmin şəxslər vasitəsi ilə onlara əlillik dərəcəsi, əlilliyə görə əmək təqaüdü, sağlamlıq imkanları məhdudluğuna görə müavinət təyin etdirəcəyini, habelə müddəti başa çatmış əlillik və sağlamlıq imkanları məhdudluğunu bərpa etdirə biləcəyini vəd verərək zərərçəkənlərdən külli miqdarda pul almaqda ittiham olunub.

İlqar Məmmədov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə təqsirli bilinib.