Close

Biznesmen olan xalası oğlunu aldadıb, 780 min manatını aldı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qohumunu aldadaraq, külli miqdarda dələduzluqda təqsirləndirilən Ayven Şamuradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS hadisənin təfərrüatını təqdim edir:

İttihama görə, hadisə Quba rayonunun Quxur-oba kəndində baş verib. Kənd sakini A. Şamuradov Rusiyadan onlara qonaq gələn xalası oğlu Həmdulla Beydulloviçi aldadaraq, onun üçün kənddə fermer təsərrüfatı yaratmaq adı ilə ümumilikdə 780 min manat alaraq dələduzluq edib. A. Şamuradov qohumundan aldığı pullarla özünə fermer təsərrüfatı yaradıb, bağ sahələri salsa da, həmin əmlakları xalası oğlunun deyil, öz adına rəsmiləşdirib. Zərərçəkmişin şikayətindən sonra A. Şamuradov barədə cinayət işi başlanıb və o, istintaqa cəlb edilib.

"Fermanı satıb Həmdullaya göndərdim"

Prosesdə ifadə verən təqsirləndirilən şəxs ittihamlarda özünü təqsirli bilməyib. Bildirib ki, 2017-ci ildə xalası oğlu Həmdulla ona birlikdə biznes qurmağı təklif edib: “Öz aramızda danışıb razılığa gəldik ki, Həmdulla Rusiyadan pul göndərəcək, mən fermer təsərrüfatı yaradıb, rəhbərlik edəcəyəm. Razılaşdıq ki, fermer təsərrüfatının gəlirinin 30 faizi Həmdullanın, 70 faizi isə mənim olacaq. Xeyli müddət belə işlədik, birlikdə qazanc əldə etdik. Anamın adına qeydiyyatda olan 2 ha torpaq sahəsində olan fındıq ağaclarını çıxarıb, əvəzində 1000 ədəd xarici sort alma ağacı əkdim, bağ saldım. Torpaq sahəmdə öz hesabıma obyekt tikdim. Həmdulla da pul qoyurdu, bütün işlər yaxşı gedirdi. 2020-ci ildə Həmdulla dedi ki, torpağın hamısını satım. Nə baş verdiyini soruşanda Həmdulla bildirdi ki, Rusiyada cinayət törədib, təcili pul lazımdır. Həmdullaya kömək məqsədilə bankdan 45 min manata yaxın pul götürüb göndərdim. Sonradan Həmdulla həmin bank kreditini bağladı. Bir müddət sonra Həmdulla dedi ki, Rusiyada işləri pisdir, daha çox pul lazımdır. Buna görə də hər şeyi satdıq və bütün pulu Həmdulla götürüb Moskvaya getdi. Bir müddət sonra məni hüquq-mühafizə orqanlarına çağırdılar, Həmdullanın şikayət etdiyini, guya onun əmlakını mənimsədiyimi bildirdilər. İfadəmi alıb buraxdılar. Daha sonra prokurorluqdan çağırdılar, bildirdilər ki, Həmdullanın pulunu qaytarmalıyam. Dedim ki, fermanı satıb Həmdullaya göndərmişəm. Məni həbs edib Şüvəlana göndərdilər. Apellyasiya şikayəti verib, günahsız olduğumu sübuta yetirdim, həbsdən azad olundum. Həbsdə olduğum vaxtlarda Həmdulla torpaqlarımı satdı. Amma yenə məndən əl çəkmir”.

"Təsərrüfatı Ayvenin adına rəsmiləşdirdik"

Məhkəmədə ifadə verən zərərçəkmiş Həmdulla Beydulloviç isə xalası oğlunun yalan danışdığını bildirib. O qeyd edib ki, 1993-cü ildə ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçüb, həmin vaxtdan Moskvada yaşayır və 2010-cu ildən orada bizneslə məşğul olur: “Ayvenin ailəsinin maddi imkanı həmişə aşağı olub. 2017-ci ilin yay aylarında xalamgilə qonaq gəldim. Ayven və atası Qəhrəmana bildirdim ki, Qusarda bizneslə məşğul olmaq istəyirəm. Dedim ki, mənə torpaq sahələri tapsınlar və görüləcək işlərə Ayven rəhbərlik edəcək, buna görə ona hər ay 700 manat verəcəm. Razılaşdıq. Özüm Rusiya vətəndaşı olduğum üçün dedim ki, fermer təsərrüfatını Ayvenin adına rəsmiləşdirdik.

"Mənim pulumla özünə "Prado" aldı"

Ayven dedi ki, kənddə alma bağı yaratmaq üçün 6.000.000 rus rublu, yəni 133.800 manat lazımdır. İşə başlamaq üçün ona 50.000 rus rublu, yəni 16.725 manat verdim. 2017-ci ilin avqust ayından ilin sonuna kimi ona 133.800 manat göndərdim. Təkcə 2017-ci ildə Ayvenə bağ sahəsini yaratmaq üçün 6.750.000 rus rublu, yəni 150.525 manat göndərdim. 2017-ci ildə Moskvadan Qusara qayıdanda Mucuq-oba kəndində yerləşən bağ sahəsində təxminən 2500 ədəd xarici sort alma ağacları əkildiyini, həmin bağ sahəsinin ərazisinin genişləndirildiyini, orada fəhlələrin işlədiklərini və digər lazımi işlərin yerinə yetirildiyini gördüm. Ayven bağ sahəsinin sənədlərinin yerində olduğunu bildirsə də, həmin sənədləri göstərmədi. 2018-ci ildə ferma tikintisi üçün ona 22.300 manat verdim. Qusar rayonu Gican Oba kəndində həmin fermanın tikintisinə başlandı. 2018-ci ilin təxminən may ayında Ayven mənə zəng edib ferma üçün torpaq sahəsi almaq, alacaqları mal-qaranı saxlamaq üçün yonca əkilməsindən ötrü 4.000.000 rus rublu, yəni 89.200 manat lazım olduğunu dedi. 2018-ci ilin təxminən may ayında Ayvenə həmin 4.000.000 rubl, yəni 89.200 manatı göndərdim. Bir müddət sonra Ayven işçiləri bağa və fermaya aparıb-gətirmək üçün “Pikap” avtomobili almaq istədiyini dedi, bu məqsədlə ona 55.750 manat göndərdim. Sonradan öyrəndim ki, Ayven göndərdiyim pula özü üçün “X75 Prado” alıb.

"Başqasının evinin şəklini göndərib, məndən 111 min manat aldı"

2019-cu ildə Qusar rayonuna gələndə gördüm ki, Gican Oba kəndində təxminən 1 ha torpaq sahəsində müxtəlif ölçüdə 3 ferma binası və 3 ayrı-ayrı birmərtəbəli evlər tikilib. Evin birində Ayven özü qalırdı. Fermaya xarici sort iribuynuzlu cins heyvanlar almaq üçün Ayvenə 4.800.000 rubl göndərdim.

2021-ci ildə Qusara gəldim, gördüm ki, fermada 36 baş iribuynuzlu cins heyvan var. Yığışıb, Qusarda yaşamaq qərarı verdim və buna görə rayondan ev almaq istədim. Buna görə, Ayvenə 5.000.000 rubl, yəni həmin dövrün məzənnəsinə görə 111.500 manat göndərdim. Ayven bir evin şəklini çəkib göndərdi, bəyəndim. Köçüb Qusara gələndə baxdım ki, nə ev var, nə də pul. Məlum oldu ki, Ayven pulu mənimsəyib, atasının qohumuna məxsus bir evin şəklini çəkib, mənə göndəribmiş.

 Bir müddət sonra COVID-19 pandemiyası başladığı üçün Ayvenə pul lazım olduğunu dedim. Ayven isə dedi ki, işlər zəifdir, pul göndərə bilməyəcək. Sonradan Ayven yenidən 52.405 manat istədi, göndərdim. Ayven məndən ümumilikdə 780 min manat alıb.

 Bir müddət sonra Qusara gəldim. Məlum oldu ki, Ayven fermanı girov qoyaraq, bankdan ayrı-ayrı vaxtlarda pullar götürüb. Daha sonra isə fermanı girovluqdan çıxararaq satıb”.

Məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A. Şamuradov 12 il 6 ay azadlıqdan məhrum edilib.