Close

17:30
03 Fevral 2025

"Qulağımı kəsib getdi, mən də öldürdüm"

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

TNS-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxs ifadə verib. Bildirib ki, Pünhanla iş yoldaşı olmuşam. İşdə mübahisə etdik, məni döydü.

İki gün sonra mənə zəng elədi. Dedi ki, görüşək. Gəlmək istəmədim, söyüş söydü, dedim gəlirəm. Yasamalda maşınla gəldi, oturdum maşına. Özü və yanında əlavə iki nəfər var idi. Yasamalda tanımadığımız bir yerdə düşdük.

Pünhan və iki nəfər başladı məni döyməyə. Yıxıldım. Məni vura-vura söyürdü. Pünhan və iki nəfər məni pis söyüşlərlə təhqir etdi. Pünhan bıçaqla qulağımı kəsdi.
Səhəri gün Pünhan məni yenidən çağırıb döydü. Məni vurdu, yıxıldım. Cibimdən bıçağı çıxarıb onu vurdum".

İttihama görə, hadisə ötən il martın 14-ü, saat 14 radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib. 1992-ci il təvəllüdlü Pünhan Fərzallının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahlar Ağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.