Təqsirləndirilən şəxs: "Qızımı söydü, öldürdüm"
Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusu Bəhruz Məmmədovu qətlə yetirməkdə təqsirləndirilən Nahid Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
TNS-in məlumatına görə, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, qətli söyüş üstündə törədib.
Təqsirləndirilən deyib ki, onun uşağı ilə Bəhruzun bacısı uşağı dalaşıb. Bəhruz isə ona zəng edərək, söyüş söyüb: "Uşaqlarımız dava etmişdi. Zəng edib, məni söydü. Qızımın ünvanına nalayiq sözlər dedi. Görüşdük, əlbəyaxa olduq. Usta olduğum üçün həmişə üzərimdə bıçaq gəzdirirdi. Bıçaqla kabelləri kəsirdim. Bəhruz məndən çox güclü idi, yaxınlaşan kimi təpiklə sinəmə zərbə vurdu. Bıçağı çıxarıb onu qorxutmaq istədim. Sonra bıçaqla kürəyinin aşağı tərəfindən vurdum. 2 saat sonra öldü. Özüm gedib, polisə təslim oldum".
Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin edilib.
İttihama görə, təqsirləndirilən şəxsin qonşusu Bəhruz Məmmədovun bacısı oğlu onun övladı ilə mübahisə edib. Bəhruz Məmmədov onun qızını söyüb. Nəticədə Nahid Bəhruz Məmmədovu qətlə yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.