Close

09:09
30 Yanvar 2025
23:00
29 Yanvar 2025

Maskalanıb qohumunun evinə silahlı basqın etdi - Qəbələdəki cinayətin təfərrüatı

Şəki Ağır Cinayətlər Məhkəməsində qohumunun evinə silahlı basqın etməkdə təqsirləndirilən Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS hadisənin təfərrüatlarını təqdim edir: 

İttihama görə, hadisə Qəbələ rayonu Zarağan kəndində baş verib. Maskalı naməlum şəxs evlərdən birinə daxil olaraq, sahibini kəsici-deşici alətlə hədələyib, ondan mənzildə pul və qızıl-zinət əşyalarını tələb edib. Ev sahibi müqavimət göstərdiyi, maskalı şəxsi tanıdığı üçün R. Məmmədov hadisə yerindən qaçmağa çalışarkən kənd sakinləri tərəfindən saxlanılaraq polisə təhvil verilib.

Ailənin qohumu, Daşca kənd sakini, 1988-ci il təvəllüdlü Məmmədov Rəşad Azad oğlundan 1 ədəd bıçaq, 1 ədəd maska, 2 cüt əlcək və 4 ədəd xamut, kapron corab aşkarlanıb. O, təkrar qaçmağa cəhd edərkən, yıxılaraq yüngül xəsarət alıb.

"Maskanı çıxarmaq istədi, qaçdım"

Təqsirləndirilən şəxs məhkəməyə ifadəsində bildirib ki, zərərçəkmiş atasının əmisi qızıdır: “Usta işləyirdim. Həmin vaxt işlərim az idi, çatdıra bilmirdim. Qərara aldım ki, onların evinə girim, qızıl və pul oğurlayım. Bilirdim ki, həyat yoldaşı səhər işə gedir, qadın tək qalır. Ona görə də maskalandım, bıçaq götürüb, onlara getdim. Düşündüm ki, qadın məni görsə, onu bıçaqla qorxudub, pul və qızılları alıb qaçım. Hasardan həyətə tullandım. Bıçağı cibimdən çıxarıb sağ əlimdə tutdum, evə girdim. Qapı açılanda Gülzar səsə çıxdı. Üstünə hücum edib, bıçaqla hədələdim. Sol əlindən tutub burdum, qızıl və pulları tələb elədim. Dedi ki, pul və qızılları yoxdur. Sağ əlini üzümə atıb maskanı çıxarmaq istədi, qaçdım. Küçəyə çıxmaq istəyəndə gördüm ki, qapı bağlıdır. Qapının necə açıldığını soruşdum. Başa saldı, qapını açıb qaçdım. Bir az geləndən sonra maskanı və əlcəkləri çıxarıb tulladım. Yorulmuşdum, istədim, bir az dayanıb, istirahət edim. Bir də gördüm ki, Gülzarın həyat yoldaşı bir neçə nəfərlə mənə tərəf gəlir. Yaxınlaşdılar, o, əlini atıb cibimdən bıçağı çıxardı, soruşdu ki, niyə evinə basqın etmişəm. Dedim ki, pula ehtiyacım var. Məni götürüb evə gətirdilər, sonra polisə məlumat verdilər”.

"Dedim ki, evdə müşahidə kamerası var, qaçdı"

Prosesdə ifadə verən zərərçəkmiş Gülzar Həsənova bildirib ki, Rəşad Məmmədov onun əmisi nəvəsidir: “Səhər tezdən həyat yoldaşımı işə yola saldım, ev işləri ilə məşğul idim. Qəfil qapı açıldı, qara maskalı bir nəfər əlində bıçaq evə daxil oldu. Qolumu buraraq, qızılları və pulu tələb etdi. Dedim ki, nə pulum var, nə qızılım. Bıçağı göstərib, məni hədələdi ki, gətirməsəm, öldürəcək. Əl atıb üzündəki maskanı çıxarmaq istədim, sifətini qaçırdı. Dedim ki, evdə müşahidə kamerası var, kimliyini müəyyən edərik. Kamranın adını eşidən kimi evdən çıxdı. Həyət qapısı bağlı idi. Məndən qapını necə açmağı soruşdu. Dedim ki, düyməni sıx, açılacaq. Qapını açıb qaçdı. Dərhal həyat yoldaşıma zəng vurub, hadisəni danışdım. Bir müddətdən sonra yoldaşım Rəşadı tapıb gətirdi, polisə məlumat verdik”.

İfadələrdən sonra məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R. Məmmədov 8 il azadlıqdan məhrum edilib.