Ucuz bilet adı ilə vətəndaşları aldatdı, 500 min manatı mənimsədi
Bakı Ağır Cinayətlər Məhkəməsində 46 nəfərə ucuz aviabilet satmaq adı ilə dələduzluq edən Mələk Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
TNS-in məlumatına görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.
Daha sonra məhkəmədə hökm oxunub.
Hökmə əsasən, M. Zeynalova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə 11 il 6 ay cəza istəmişdi.
İttihama görə, Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən olunub ki, Zeynalova Mələk Nazim “WhatsApp" ani mesajlaşma proqramında xüsusi qrup yaradıb və orada özünü aviaşirkətlərdən birinin əməkdaşı kimi təqdim edib. Daha sonra o, vətəndaşların xarici ölkələrə aviabilet və aviaturlar təşkil edəcəyini deyərək, zərərçəkənlərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Mələk Zeynalova zərərçəkən şəxslərə ümumilikdə 500 min manat məbləğində maddi ziyan vurub.