Şəkilləri "Facebook"dan götürmüşəm - Vətəndaşları Qabil Məmmədovla şantaj edən qadın
Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı şantaj və hədə-qorxu gəlməkdə təqsirləndirilən Qönçə Məmmədovanın cinayət işi üzrə məhkəməsi davam etdirilib.
TNS-in məlumatına görə, hakim Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Qönçə Məmmədova bildirib ki, zərərçəkmişlərin heç birinə hədə-qorxu gəlməyib: "Evdar xanımam, amma təsərrüfat sahəm olub. 70 hind quşu, 5 baş iribuynuzlu və 10 baş xırdabuynuzlu heyvanım var. Tanımadığım adamlara faizə pul verirdim. Hacı vasitəsilə zərərçəkmiş Fəridə Fərzəliyevaya da faizə pul vermişəm. Mən ümumiyyətlə, pullar 8-10 faizl hesablayırdım. Dövriyyədə 92 min 600 manat pulum var. Digər zərərçəkmiş Gülayə Quliyeva verdiyim pulları qaytarmaq istəmirdi. Ona görə onun adını bloger Qabilə verdim. Qabilin baldızının qayınatası ilə bir xəstəxanada yatmışam. Elə münasibət yaranıb. Bir dəfə də rayonda onu arxadan görmüşəm. Amma onu “Tik-Tok”dan da tanıyırdım. Qabilin bacısından yoldaşının nömrəsini götürdüm, daha sonra yoldaşına dedim ki, Qabillə məni calaşdırsın. Qabilə yazdım ki, filankəslər mənim pullarımı vermirlər və o, bu məsələni ictimailəşdirsin. Gülayəni isə Lalə xanımın sayəsində tanımışam. Onun şəkillərini “Facebook”dan götürmüşəm.
Mən heç bir zərərçəkmiş şəxsdən pul qarşılığında qızıl almamışam. Bank fəaliyyəti ilə də məşğul olmamışam. Pullarımın qaytarılması üçün Baş Prokurorluğa, Abşeron rayon Polis idarəsinə və Daxili İşlər Nazirliyinin “102” Xidmətinə müraciət etmişəm. Qabil Məmmədovun mənim borclarımın qaytarılmasında heç bir rolu olmadı. Evimdən 50 min dollar çıxıb. Onlar da şəxsi pullarımdır".
Məhkəmənin növbəti iclası fevralın 26-na təyin olunub.
Qeyd edək ki, istintaqa əsasən, Qönçə Məmmədova 13 nəfərə faizə pul verib. O, faizə pul verdiyi Gülayə Quliyevadan əlavə əmlak əldə etmək məqsədi ilə guya qohumu kimi təqdim etdiyi bloger Qabil Məmmədov vasitəsilə bütün sosial platformalarda onun haqqında rüsvayedici məlumatları yayacağı ilə hədələyib. Lakin şifahi hədələrlə Gülayə Quliyevadan pul ala bilmədiyini görüb, onun qohumluq münasibətlərində olduğu G.Kazımova, M.Qənizadə və D.Qəniyevin "Instagram" və "Facebook" sosial şəbəkələrindəki şəxsi hesablarında olan fotoları, habelə onların şəxsi həyatı və guya müxtəlif cinayətləri törətmələrinə dair məlumatları tanışı Lalə Sultanova vasitəsilə əldə edərək vatsapla Qabil Məmmədova göndərib.
Qabil Məmmədov da öz növbəsində "Youtube" internet platformasında təsis etdiyi "Haqsızlığa susma" adlı kanalında Gülaya Quliyeva və onun qohumluq münasibətlərində olduğu şəxslər haqqında rüsvayedici məlumatların yayılmasını təşkil edib.
Bundan əlavə, o, təkrarən sələmçilik fəaliyyətini həyata keçirməklə Fəridə Fərzəliyevadan əlavə əmlak əldə etmək məqsədi ilə eyni üsulla Qabil Məmmədov vasitəsilə bütün sosial platformalarda mütəmadi çıxışlar edib, onun haqqında rüsvayedici məlumatları yayıb. Hətta Qabil Məmmədovun adamları vasitəsilə onu oğurladacağı hədəsi ilə borcunun olmadığını dəqiq bildiyi halda əsassız olaraq əlavə 4.500 manat məbləğində pulu hədə-qorxu ilə tələb edib.
Qönçə Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrarən törədildikdə, 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 192.1 (qanunsuz sahibkarlıq, dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.