İran vətəndaşı Bakıda keçmiş həyat yoldaşını ölümcül bıçaqladı
Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisi olan keçmiş həyat yoldaşını öldürməyə cəhd edən İran vətəndaşı Tabaraki Mehdi Rasoulun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
TNS-in məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mehdi Tabarakinin müdafiəçisi müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.
Dövlət ittihamçısı Rauf Malışov vəsatətə münasibət bildirib. O, təqsirləndirilən şəxsin törətdiyi əməlin xüsusilə ağır cinayət olduğunu deyərək, həbs qətimkan tədbirinin dəyişdirilməməsini istəyib və cinayət işinin məhkəmə baxışına verilməsini təklif edib.
Hakimlər müşavirə otağından qayıtdıqdan sonra qərarı açıqlayıblar. Qərara əsasən, Tabaraki Mehdi Rasoulun cinayət işi məhkəməyə verilib, onun barəsində həbs qətimkan tədbiri dəyişdirilməyib. Təhqiqatçının ifadəsi ilə bağlı sənədin sübutlar siyahısından çıxarılması təxirə salınıb.
Məhkəmə prosesi fevralın 6-da davam etdiriləcək.
İttiham aktına görə, 2024-cü ilin aprelində Mehdi Tabaraki həmyerlisi olan keçmiş həyat yoldaşını avtomobildə öldürmək istəyib. Hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb. Belə ki, qadın uşağı atasına göstərmədiyi üçün
Mehdi Tabaraki onu ölümcül bıçaqlayıb.