Close

Ərəblə evlənən azərbaycanlı "Tik-Tok"erə hökm oxundu - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Zeynəb Ən-Nəiminin növbəti məhkəmə prosesi keçirilib.

TNS-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə müdafiə çıxışı edən təqsirləndirilən şəxsin vəkili bildirib ki, Zeynəb Ən-Nəiminin evindəki narkotik vasitədən xəbəri olmayıb və işdə digər yüngülləşdirici hallar var. Vəkil təqsirləndirilən şəxsə ədalətli hökmün çıxarılmasını xahiş edib.

Məhkəmədə son söz deyən təqsirləndirilən şəxs himayəsində azyaşlı övladı olduğu üçün barəsində həbs olmayan qətimkan tədbiri seçilməsini xahiş edib. Bildirib ki, o narkotik istifadəçisi olub, narkotik satmayıb.

Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Zeynəb Ən-Nəimi 5 il 1 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Zeynəb Ən-Nəimi Nəsimi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.

Onu da qeyd edək ki, Zeynəb Ən-Nəimi ərəb mənşəli şəxsə ərə gedib və tanınmış tiktoker kimi də fəaliyyət göstərib.

dbb29432-00fc-4498-92a4-80d76a3b916a

54ef97d9-a050-4677-82d1-d73c243ee54c