Xalq artisti şahidin ifadəsini qəbul etmədi
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə Binəqədi Rayon Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.
TNS xəbər verir ki, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə son iki şahid - Xuraman Abbasova və Güldəstə Aşurlu ifadə verib.
"MedEra" hospitalda xadimə işləyən şahid Xuraman Abbasova bildirib ki, hadisə baş verən gün işdə olub. Onun sözlərinə görə, Ağadadaş Ağayev nalayiq ifadələr işlədə-işlədə xəstəxanaya yaxınlaşıb:
"Ağadadaş müəllim bayırdan baltanı atdı, Nəzakət xanıma dəydi. Həmin vaxt Nəzakət xanım bir az içəridə dayanmışdı".
Lakin şahidin ifadəsi ilə Ağadadaş Ağayev və onun vəkili Asim Abbasov razılaşmayıb. Xalq artisti X. Abbasovaya bir neçə sual ünvanlayaraq verdiyi ifadənin yalan olduğunu qeyd edib:
"Siz deyirsiniz ki, balta birbaşa Nəzakət xanıma dəyib, amma yalan danışırsınız. Əlimizdə videogörüntülər var, oradan məlumdur ki, balta birbaşa Nəzakət xanıma dəyməyib. Hüquq-mühafizə orqanları sizin ifadənizi araşdıracaq. Yalan danışdığınıza görə məsuliyyət daşıyırsınız".
Digər şahid "MedEra" hospitalın xəzinədarı Güldəstə Aşurlu isə ifadəsində həmin gün işə gələrkən Ağadadaş Ağayevin balta ilə arxasınca gəldiyini deyib:
"İçəri daxil olanda bir nəfərin nalayiq ifadələr işlədə-işlədə Nurəddinə yaxınlaşdığını gördüm, Ağadadaş Ağayev olduğunu bilmirdim. Onlar həm qarşılıqlı dava edir, həm də söyüş söyürdülər. Ağadadaş Ağayev baltanı atanda Nəzakət xanıma dəydi. Sonra Nurəddinin üzünün qanlı olduğunun və təcili yardıma yaxınlaşdığının şahidi oldum. Həmin vaxt panikada idik, özümüzü müdafiə etmək üçün hadisə yerindən kənarda dururduq. Ona görə də hadisə tam yadımda qalmayıb".
Bununla da Xalq artistinin cinayət işi üzrə şahid ifadələri yekunlaşıb. Məhkəmənin növbəti iclası yanvarın 30-da keçiriləcək.
Qeyd edək ki, ötən ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.
Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.
Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edib.
Yanvarın 8-də Xalq artisti Ağadadaş Ağayevlə hospital, mühafizəçi və xadimə arasında barışıq əldə olunub.
Daha sonra Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiasına xitam verilməsi barədə qərar çıxarıb.