Xırdalanda yeni çəkilən yol çökdü - VİDEO
Abşeronda avtomobil yolunda çökmə baş verib.
TNS “Den.az”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhər Heydər Əliyev prospektində qeydə alınıb.
Çökməyə səbəb kimi su sızıntısının yaşanması nəticəsində yolun alt qatının yuyulması göstərilir. Mövcud vəziyyətdən aidiyyatı qurumlar xəbərdardır.
Ən maraqlı məqam isə Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbərliyi həmin yoldan hər gün istifadə edir. Lakin sözü gedən qurumun rəisi Etibar Nəbiyev nədənsə problemin həlli üçün müsbət addım atmaq əvəzinə öz şəxsi maraqlarına xidmət edir. Necə deyərlər, “Cümlə cahan batsada batsın, nə işim var” prissipi ilə işləyir.
Qeyd edim ki, avtomobil yolundan istifadə edən sürücülər çökmə hadisəsinə görə narahatdırlar. Çünki yolda çökmə baş verdiyindən avtomobillər üçün ciddi problemlər ortaya çıxıb. Bu hadisə həmin ərazidə yol nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır.
Abşeron RİH-dən bildirilib ki, Xırdalan şəhəri Heydər Əliyev prospektinin bir hissəsində yüksək təzyiqli su kəmərində baş vermiş qəza və nəticədə su sızıntısının yaşanması tədricən yolun alt qatının yuyulmasına və yolun çökməsinə gətirib çıxarıb. RİH tərəfindən qəza və yolun bərpası ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məlumat verilmiş və aidiyyatı təşkilatlardan müvafiq icazələr alınıb. Qeyd edək ki, 23 yanvar tarixindən etibarən ərazidə qazıntı, qəzanın aradan qaldırılması və yolun bərpası işlərinə başlanılacaq.