"Uşağı ayaqyoluna salıb işgəncə verdi, ayağını sındırdı" - Sevgilisi tərəfindən övladı öldürülən qadın - FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisinin azyaşlı övladını qətlə yetirməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
TNS-in məlumatına görə, prosesdə zərərçəkmiş İpək Əhmədova ifadə verib
O bildirib ki, Yaşar Abbasov onun fiziki qüsurlu övladını işgəncə verərək qətlə yetirib: "Bizə işgəncə verir, döyürdü. Uşağımı kəmərlə döyürdü, məni də ona qatırdı. Axırıncı gün uşağı ölümcül döydü. Artıq uşaq zarıyırdı. Məni və uşağımı qırmızı kərpiclə döydü. Kərpici başımızda sındırdı. Qızarmış sobanın borusu ilə uşağımı vurdu. Araq şüşəsini qırıb, onun parçası ilə uşağın kürəyini kəsirdi. Yaşarın dostu Eldəniz bizi götürüb Biləcəri qəsəbəsindəki evinə aparmaq istədi. Yolda fikrindən daşınıb, Abdullahgilə ilə apardı ki, Yaşar tapmasın. Ertəsi gün uşaq rəhmətə getdi".
Prosesdə ifadə verən təqsirləndirilən şəxs isə bildirib ki, İpək Əhmədova yalan danışır: "Uşağı İpək özü öldürüb. Mən Eldənizin yanında İpəyi döymüşəm. Kimdənsə narkotik istəyirdi, uşaq yaddan çıxırdı. Amma uşağı mən yox, anası öldürüb. Körpəni iki gün saxlayıb, həkimə aparmayıb. Uşaq da ölüb. Mən deyəndən sonra uşağı Eldəniz həkimə apardı. Pulum yox idi, ona görə də Eldənizdənə xahiş eləmişəm".
Zərərçəkmiş şəxs bildirib ki, Yaşar Abbasov sonuncu dəfə uşağı ayaqyolunda işgəncə ilə döyüb: "Uşağı oyun zalına aparmışdı. Orada uşaq tualet istəyib. Onu ayaqyoluna aparıb, orada vəhşicəsinə döyüb. Ayağını sındırıb, dişini qırıb.
Qorxumdan hüquq-mühafizə orqanlarına məlumat verə bilmirdim. Deyirdi ki, məni də, uşağı da öldürəcək. Uşağı həkimə aparanda xəstəxanada dedilər ki, guya avtoqəzada xəsarət alıb. Uşağı evə gətirəndən sonra öldü. Günortaya qədər ekspertizaya apara bilmədim, imkan vermədilər".
Qeyd edək ki, Yaşar Abbasov qeyri-rəsmi nikahda yaşadığı İpək Əhmədovanı döyməkdə, doqquz yaşlı fiziki qüsurlu Əli Seyidvəli oğlu Əhmədzadəni isə işgəncə verməklə qəsdən öldürməkdə təqsirləndirilir.
Xatırladaq ki, zərərçəkən İpək Əhmədova "narkotik vasitələrin qanunsuz istifadəsi" maddəsi ilə həbsdədir.
Yaşar Abbasov barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə cinayət işi açılaraq toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.