Atasının ölümünü sifariş verən oğlu: “Anamın qisasını almaq istədim"
Bakı Ağır Cinayətlər Məhkəməsində tamah məqsədi ilə atasının ölümünü sifariş verməkdə təqsirləndirilən Fəqan Fərəcov və sifarişi yerinə yetirməyə cəhd edən şəxslər - İlkin Hüseynovla Fariz İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
TNS-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Fərəc Xələfov ifadə verib.
O bildirib ki, oğlu ilə heç bir problemi olmayıb: "Dövlət qulluğunda baş mexanik işləmişəm. Oğlumla bölüşəsi bir işimiz olmayıb. Yoldaşım 2021-ci ilin sentyabr ayında rəhmətə getdi. Mən hazırda toxumçuluqla məşğul oluram. Oğlum deyir ki, guya anasının sağlığında onun müalicəsi üçün pul verməmişəm, amma yalandır. Yoldaşımı Ankara klinikasında Zülfüqar həkim müalicə edib. Burada bilmişəm ki, oğlumdan başqa məni bu insanlar da öldürmək istəyib. Heç kimdən şikayətim yoxdur".
Təqsirləndirilən şəxs Fəqan Fərəcov isə bildirib ki, birinci özünə qəsd etmək istəyib: "Atama cəza vermək istəmişəm, mənim başım da ora qədər işləyir. Anamla qardaşım öləndən sonra depressiyaya düşmüşdüm. Öldürmək istəsəydim, avtoqəzaya salıb öldürərdim. Rayonda başqa-başqa adamlar deyirdilər ki, atam qadınlarla gəzir. Mən də çox düşündüm, dedim, cəzalandırım, anamın qisasını alım. İşə görə, bu uşaqlara pul verdim".
Məhkəmə prosesi fevral ayının 12-nə kimi təxirə salınıb.
İttihama görə, 2024-cü ilin yanvar ayında Fəqan Fərəcovun İmişli rayonunda yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verməsi, İlkin Hüseynovun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu Fariz İsmayılovla birlikdə İmişli rayonuna getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməmələrinə əsaslı şübhələr müəyyənləşib.
Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan iş üzrə toplanmış sübutlar əsasında Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.