Close

Azərbaycanda prokurora saxta sənədlə telefon nömrəsi satıblar

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş məhkum Rufan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

TNS-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Tural Zeynalov bildirib ki, təqsirləndirilən şəxs ona saxta etibarnamə ilə bahalı mobil nömrələr satıb.

O qeyd edib ki, R. Qasımov iki ədəd 211-lə başlayan “Azərcell” nömrə satıb: “Həmin nömrələrin birini 11 min manata satandan sonra məlum oldu ki, mənə verilən etibarnamə saxtadır, nömrələr Tahir Səfərəliyev adlı məhbusun adınadır”.

Təqsirləndirilən şəxs Rufan Qasımov saxta etibarnamə ilə bir çox şəxsə bahalı mobil nömrələr satdığını deyib: "Xaçmaz rayonunun prokuroruna da saxta sənədlə nömrə satmışam. Anam onkoloji xəstə idi, nə yolla olursa olsun, pul qazanıb, dərmanları almağa məcburdum”.

Qeyd edək ki, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 320.1-ci (rəsmi dövlət sənədlərinin saxtalaşdırılması) maddələri ilə ittiham irəli sürülüb.