Close

14:50
22 Yanvar 2025

Sürücü piyada keçidində qadını söydü, etiraz edən kişini bıçaqladı - Bakıda dəhşətli hadisə

Bakı Ağır Cinayətlər Məhkəməsində küçədə tanımadığı şəxsi bıçaqlamaqda təqsirləndirilən Asim Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS hadisənin təfərrüatlarını təqdim edir.

İttihama görə, hadisə paytaxtın Sabunçu rayonu Savalan qəsəbəsində baş verib. Təqsirləndirilən şəxs Savalan qəsəbəsi ərazisində yerləşən “Oba” marketin qarşısında “Ford Transit” markalı avtomobillə hərəkətdə olarkən tanımadığı qadın piyada yolu keçib. A. Qurbanov piyadaya yol vermədiyi üçün qadın ona irad bildirib. Sürücü isə həmin qadını söyüb. Bu vaxt həmin ərazidə olan digər piyada Elvin Əliyev sürücüyə nəzakətli danışmağı tövsiyyə edib. Kənar şəxsin ona irad tutmasından əsəbiləşən sürücü avtomobildən düşərək E. Əliyevi ürəyindən bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb.

“Məni vurub yıxdı, mən də bıçaqladım”

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyib: “Bakıda “Subtropik” çörək zavodunda sürücü işləyirdim. “Ford Tranzit” markalı avtomobillə hər gün səhər saat 05:00-dan axşam saat 19:00-a qədər çörək daşımaqla məşğul olurdum. Elvini tanımamışam, heç bir ədavətim də olmayıb. Həmin gün axşam 21:30 radələrində “Oba” marketin qarşısındakı yolun sağında maşını saxlayıb telefonla danışırdım. Telefonla danışdığım şəxslə aramızda mübahisə yarandı, o məni söydü, mən də onu. Bu vaxt maşınımın qarşısından qəfil bir qadın keçdi. Əsəbi olduğum üçün maşını yerindən tərpədib, yenidən əyləci basdım. Birdən sol tərəfdə bir “Opel” dayandı, bir nəfər düşüb məni söyməyə başladı. Maşından düşüb həmin adama tərəf getdim. Çatanda o məni vurdu, yerə yıxıldım.  Ayağa qalxıb, üstümdəki bıçaqla onu vurdum. Həmin şəxs maşına əyləşib ərazidən uzaqlaşdı”.

“Soruşdum ki, qadını niyə söyürsən?”

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs E. Əliyev isə təqsirləndirilən şəxsin yalan danışdığını bildirib: “Taksi ilə yol gedirdim. Sürücü ”Oba” marketin yanında saxlayıb, su almaq üçün yerə düşdü. Mən də maşından düşüb, onu gözlədim. Gördüm ki, bir qadın yolu keçmək istəyir, “Ford Transit” markalı avtomobilin sürücüsü maşını qadının üstünə sürdü. Yaxınlaşdım ki, o qadını təhqir edir. Onu nəzakətli davranmağa dəvət etdim. Soruşdum ki, qadını niyə söyürsən? Maşından düşüb üstümə gəldi. Əlbəyaxa olanda sinəmdən ağrı hiss etdim. Baxdım ki, məni bıçaqla vurdu. Yenidən taksiyə əyləşib 3 saylı şəhər xəstəxanasına gəldim. Məni vuran şəxs isə çıxıb getdi”.

İfadələrdən sonra məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A. Qurbanov 7 il azadlıqdan məhrum edilib.