Toyda pivə bakalını qadının başına vurdu
Yasamal rayonundakı "Kral" çay evində qadının başına pivə bakalı vuran şəxsə hökm oxunub.
TNS "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə sözügedən çay evinin ikinci mərtəbəsində keçirilən kiçik toy məclisində baş verib.
Belə ki, 1984-cü il avqustun 2-də Bakı şəhərində anadan olmuş Elvin Ağali oğlu əvvəldən tanıdığı S.O. adlı qadını sözügedən toy mərasimində görüb.
Təqsirləndirilən şəxs xanımı qolundan tutub özünə tərəf dartaraq qucaqlamaq istəyərkən S.O. onu özündən kənara itələyib.
Zərərçəkmişin bu hərəkəti dostlarının yanında olduğuna görə Elvinə pis təsir edib.
Ona görə əsəbiləşərək stoldan götürdüyü pivə bakalını S.O.-nun başına vurub.
Elvin məhkəmədə ifadəsində S.O. ilə 4 il müddətində sevgili münasibətində olduğunu deyib. Qadın isə Elvinin yalan danışdığını, hadisə günü pivə bakalı ilə onun başının arxa hissəsinə vurduğunu və yerə yıxıldıqdan sonra bədəninin müxtəlif hissələrinə təpiklə vurduğunu deyib.
Məhkəmənin qərarı ilə Elvin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.