Gəncədə "şortik" üstündə düşən dava qanla bitdi
Gəncədə qanla nəticələnən mübahisə baş verib.
TNS “Baku Tv”yə istinadən xəbər verir ki, mübahisə “şortik” üstündə düşübmüş.
Belə ki, şəhərin Adelxan Ziyadxanov küçəsində yerləşən yataqxanada kirayə yaşayan 54 yaşlı Samux sakini İlimşah Şahvələdov axşam saatlarında zivəyə paltar asarkən həyətdəki gənclər onunla “şortik” geyindiyinə görə mübahisə ediblər.
Daha sonra ona bıçaqla xəsarət yetirilib.
Hadisə şahidi Xəyalə Rzayeva bildirib ki, hücum edən şəxslər içkili olublar:
“Bıçağı çıxarıb kişinin üstünə qaçdı. Bıçağı boğazına çəkəcəkdi, kişi arxaya çəkildiyi üçün kürəyinə vurdu. Kişi şalvar geyinmişdi, sadəcə aşağısını qatlamışdı. Dedilər ki, çölə niyə belə çıxmısan?! Bizim də evimizdə uşağımız var, qorxudan qapını kilidləyib evdən çıxmırıq”.
DİN-in əməkdaşı Eşqin Qasımov bildirib ki, kişiyə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş Emin Quliyev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.