Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib
Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.
TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.
Qeyd edək ki, AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. Atası Cəlil Əliyevin kart hesabından ümumilikdə 80 507 manat pul çəkilib. Kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılmışdı.